...

Cavid Osmanov: AXC hakimiyyəti ordunu daxili çəkişmələrə, öz məkirli məqsədlərini həyata keçirməyə cəlb etmişdi

Siyasət Materials 26 İyun 2020 13:21 (UTC +04:00)
Cavid Osmanov: AXC hakimiyyəti ordunu daxili çəkişmələrə, öz məkirli məqsədlərini həyata keçirməyə cəlb etmişdi

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Heç də təsadüfi deyil ki, dünyanın reytinq cədvəlində Azərbaycan Ordusu 50 ən güclü ordular sırasındadır. Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, son illər Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görülüb:

“Hərbi hissələrin böyük əksəriyyəti yenidən qurulub, ordunun maddi-texniki bazası xeyli gücləndirilib və bu istiqamətdə milyardlarla dollar vəsait xərclənib. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ildə Naxçıvan istiqamətində aparılan döyüşlərdə Azərbaycan ordusu qısa zaman ərzində ərazimizin bir hissəsini erməni işğalçılarından təmizlədi və Azərbaycan ordusunun nə qədər güclü bir ordu olmasını göstərdi. Azərbaycan ordusu hər zaman öz torpaqlarını işğaldan azad etməyə hazırdır”.

C.Osmanov bildirib ki, çox təəssüf ki, 90-cı illərin əvvəllərində ölkəmizin 20 faiz torpaqlarının işğal edildiyi bir zamanda o vaxtkı AXC hakimiyyəti silahlı qüvvələri daxili çəkişmələrə, hakimiyyət uğrunda mübarizəyə, öz məkirli məqsədlərini həyata keçirməyə cəlb etmişdilər: “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü tamamilə yaddan çıxmışdı. Beləliklə, onların xəyanəti və çirkin niyyətləri nəticəsində ölkəmizin 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olundu. Hakimiyyətdə olduqları müddət ərzində müstəqilliyimizə, xalqımıza qarşı çirkin siyasət apararaq güclərini Ermənistanla müharibəyə yox, daxili çəkişmələrə cəlb etdilər, Gəncəni bombalamağa başladılar, başqa istiqamətlərdə qoşun yeritdilər.

Milli Ordumuz ayrı-ayrı qrup şəkilində kimlərinsə tabeliyinə keçmişdi və bu insanlar da ancaq hakimiyyət çəkişməsi aparırdılar. Emənistanla müharibə onların heç yadına da düşmürdü və onların xəyanəti nəticəsində 20 faiz torpaqlarımız Ermənistan tərəfindən işğal olundu. Bu gün də onlar öz adlarını müxalifət qoyaraq, xəyanətkar yolu tutaraq ölkəmizə, xalqımıza, dövlətçiliyimizə qarşı xəyanət edərək ölkəmizə qarşı şər və böhtan kampaniyası aparırlar. Təbii ki, Azərbaycan xalqı bilir ki, bunlar hansı formada müxalifətdir və bunların arxasında dayanan kimlərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti