...

Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik

Siyasət Materials 6 İyul 2020 21:52 (UTC +04:00)
Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik

Bakı. Trend:

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib.

İkincisi, bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Biz bunu ardıcıllıqla, düşünülmüş siyasətlə etmişik. Biz heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özümüz üçün nəyisə qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə çalışmışıq. İndi kim bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər. Hər halda bizim vicdanımız təmizdir. Bu dövrdə biz, əlbəttə, bundan sonra da yardımları göstərə bilərik və edəcəyik. O cümlədən biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdik. Birinci ianə sırf onların öz planlarını həyata keçirməsi üçün idi. İkinci ianə isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə nəzərdə tutulur. Biz digər beynəlxalq təşkilatlara maliyyə yardımı göstərmişik. Yenə də deyirəm, hesab edirəm ki, tamamilə düzgün addım atmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti