...

Deputat: Prezident İlham Əliyev bir daha Makrona öz qətiyyətli mövqeyini göstərdi

Siyasət Materials 3 Oktyabr 2020 12:51 (UTC +04:00)
Deputat: Prezident İlham Əliyev bir daha Makrona öz qətiyyətli mövqeyini göstərdi

Bakı. Elçin Mehdiyev - Trend:

27 sentyabrda Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan ordusunun uğurlu əks-hücum həmlələri nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi, bir neçə strateji yüksəkliklər düşmən tapdağından azad edilib, düşmənə sarsıdıcı zərbələr endirilib. Belə olan halda bir çox dövlətlər nədənsə narahat olmağa başlayıb. Halbuki, bunların 30 il müddətində narahat olmamaqları Azərbaycan xalqını çox dərindən narahat edirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq atəşkəsin bərpası ilə bağlı çağırış edib: “Cənab Prezidentimiz bir daha öz qətiyyətli və prinsipial mövqeyini ifadə etdi. Prezident İlham Əliyev bir daha bütün dünyaya nümayiş etdirdi ki, bizi milli maraqlardan heç kim çəkindirə bilməz.

Əlbəttə ki, bu gün Azərbaycan haqq yolundadır, ədaləti bərpa etmək uğrunda mübarizə aparır. Halbuki, 30 il müddətində elə Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupu bu məsələdə ədalətin bərpa olunmasında guya ki, işlər aparırdılar. Amma nəticə etibarı ilə biz görürük ki, tamamilə əksinə, Makron bu məsələni makaron kimi uzatmaqla məşğul idi və tarixi saxtalaşdırmağa çalışaraq, bu Dağlıq Qarabağ münaqişəsini gələcək illərə aparıb elə münaqişə formasında saxlamaq arzusunda olub.

Bir neçə gün bundan əvvəl Emmanuel Makronun məhz qərəzli və birtərəfli çıxışı və birbaşa erməni lobbisindən gələcək seçkilərdə dəstək almaq üçün Ermənistana açıq şəkildə dəstəyini nümayiş etdirməsi bir daha göstərdi ki, Makron ya tarixi bilmir, ya da ki, tarixi saxtalaşdırmağa çalışır. Birincisi, Makron bu bəyanatı ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni ayaq altına atmasını və hüquqi bir sənəd kimi qiymətləndirməməsini sübut etdi. Çünki BMT-nin bu 4 qətnaməsində Ermənistan işğalçı qoşunlarının Azərbaycanın əzəli torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Çox maraqlıdır ki, elə Fransa özü də bu qətnaməyə səs verib. Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar prosesinə tamamilə neytral mövqedən çıxış etməli olduğu halda Fransa Prezidentinin belə bir bəyanatla çıxış etməsi qəbuledilməzdir.

Bütün bunların fonunda Makronun cənab Prezident İlham Əliyevə zəng vurub atəşkəsin bərpa olunmasını istəməsi əlbəttə ki, qəbuledilməzdir və ölkə Prezidenti çox yüksək qətiyyət və prinsipial mövqe nümayiş etdirərək bir daha Makronun diqqətinə çatdırıb ki, məhz işğalçı Ermənistanın təxribatlarından sonra Azərbaycan ordusu əks-əməliyyatlara başlayıb.

Bu gün xalqımızda da, ordumuzda da böyük ruh yüksəkliyi var. Biz haqq-ədaləti özümüz bərpa etməyə başlamışıq və bu yoldan da bizi heç kim döndərə bilməz. Son qarış torpağımızı da erməni işğalından azad edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti