...

Biz böyük qayıdışın astanasındayıq

Siyasət Materials 23 Oktyabr 2020 17:10 (UTC +04:00)
Biz böyük qayıdışın astanasındayıq

Bakı. Trend:

Ali Baş Komandanın rəhbərliyilə Şanlı Azərbaycan Ordusu yeni qələbələr qazanır. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik.

Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Cənab Prezident hər dəfə xalqa müraciətində və eyni zamanda, demək olar ki, hər gün “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkir. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bunu özündə əks etdirir: “Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq?.. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram”.

Trend-in məlumatına görə, bu sözləri millət vəkili Tamam Cəfərova saytımıza açıqlamasında deyib.

Cənab Prezident oktyabrın 20-də xalqa müraciətində xalqa BÖYÜK QAYIDIŞın müjdəsini verdi: “Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.”

Millət vəkili bildirdi ki, düşmən dövlətin rəhbərləri Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında gecə-gündüz yalanlar, uydurmalar yayırlar. Bu yalanlardan biri də odur ki, guya kimlərsə gəlib bizim əvəzimizə vuruşurlar. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir, təkbaşına vuruşurur və hər kəs bunu bilir. Azərbaycanın yüzminlik güclü, professional Ordusu var və heç bir köməyə ehtiyacı yoxdur. Amma düşmən Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyini özünə sığışdıra bilmir, çünki miflər dağılır, məsələn, “yenilməz Ermənistan ordusu” barədə mif.. Miflər Ermənistan dövlətinin ideologiyasının əsasıdır.

Tamam Cəfərova qeyd etdi ki, bu gün döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Azərbaycan Ordusu düşmənin istehkamlarını, canlı qüvvəsini, texnikasını darmadağın edib, necə deyərlər, düşməni qarşımızda diz çökdürüb. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucalır. Budur AZƏRBAYCAN DÖVLƏTİNİN, AZƏRBAYCAN XALQININ GÜCÜ! “Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir. Ancaq bundan sonra döyüşlər dayana bilər”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.

Millət vəkili xüsusi vurğuladı ki, bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Xalq hər bir zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Cənab Ali Baş Komandanın dediyi kimi, “bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır: həm danışıqlar masasında, həm də hərb meydanında!

Var olsun Ali Baş Komandan!

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti