...

Azərbaycan BMT-nin qətnamələrini kağız üzərindən real həyata köçürdü - Politoloq

Siyasət Materials 11 Noyabr 2020 19:40 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Noyabrın 10-da imzalanmış bəyanat Ermənistanın qeyd-şərtsiz təslim olduğunu dünyaya bəyan etməklə türk birliyinin qüdrətini bütün dünyaya göstərdi, Azərbaycan "sivilizasiyaların toqquşmasından" qalib çıxdı, suverenliyi və ərazi bütövlüyünun toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü.

Bunu Trend-ə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qurban Məmmədov deyib.

Onun sözlərinə görə, münaqişəni nizamlamaq yox, yeni əraziləri işğal etmək yolu ilə status-kvonu əbədi etməyi qərarlaşdıran N.Paşinyan hökuməti İkinci Qarabağ Müharibəsinin əsas təşəbbüskarı və səbəbkarıdır.

Q.Məmmədov bildirib ki, Azərbaycanın sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış yerlərinin hədəfə götürülməsinin tədricən adi hal alması Azərbaycan xalqının hərbi əhval-ruhiyyəsini gücləndirir və hakimiyyət orqanlarından ciddi tədbirlərin gorülməsi tələb edilirdi:

"Bu ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər baş verdi ki, bu da Azərbaycan ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-na qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı".

Siyasətçi qeyd edib ki, Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı. Hazırda Ermənistan keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın yaşadığı mürəkkəb, ziddiyyətli və qalmaqallı günləri yaşamaqdadır:

"N.Paşinyan ölkəni qoyub qaçıb, parlament binası və digər hakimiyyət idarələri zəbt edilərək dağıdılmaqdadır. Ermənistanın qüdrəti, lobbisinin gücü, etməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu formalaşdırılmış miflər milli ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında "cəhənnəmə vasil oldu". Azərbaycan ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti