...

Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər - Deputat

Siyasət Materials 13 Noyabr 2020 16:11 (UTC +04:00)
Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış bəyanat Azərbaycanın qazandığı hərbi və diplomatik zəfəri, Ermənistanın isə kapitulasiyasını təstiqləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, Vətən müharibəsi Azərbaycanda mövcud olan iqtidar-xalq birliyini bir daha möhkəmləndirdi və Azərbaycanı daha güclü etdi.

J.Əhmədova bildirib ki, təbii ki, illərdir Azərbaycanı pisləməklə məşğul olan mərkəzlər və dövlətlər bu qələbəni həzm edə bilmirlər: “Azərbaycan ordusunun, hökümətinin və xalqının qarşısında aciz qalmış düşmən bu kapitulasiyanı imzalamağa məcbur edildi. 30 ildir danışıqlar prosesini destruktivləşdirən, bir çox dövlətlərin dəstəyi ilə status-kvonu öz xeyrinə saxlamaq xəyalında olan Ermənistan Azərbaycan ilə döyüş meydanında tək qalan kimi sülhdən danışmağa başladı. Maraqlıdır, bəs 30 il bundan öncə dinc əhalini öz doğma yurdlarından didərgin salanda, Xocalıda qətliam törədəndə niyə sülh ağıllarına gəlmirdi?

Bu müharibə, həmçinin bizə kimin dost, kimin qeyri-dost olduğunu göstərdi. Münaqişənin həlli ilə “məşğul” olan üç həmsədr dövlətlərdən biri olan Fransa açıq şəkildə ermənipərəst mövqe tutaraq, özünün də səs verdiyi dörd BMT TŞ qətnamələrinə zidd gedərək işğalçını dəstəklədi. Deyəsən Fransa höküməti 1919-cu ildə Paris Sülh Konfransında təstiq etdiyi, Qarabağın və Zəngəzurun da daxil olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini unudub. Fransa özünü elə aparır ki, sanki özü separatizmdən uzun illər əziyyət çəkməyib, öz ərazilərini terroristlərdən təmizləməyib.

Bəyanatın müddəalarına diqqətlə nəzər yetirsək, aydın şəkildə anlayırıq ki, Qarabağ bütövlüklə Azərbaycan yurisdiksiyasındadır və orada Azərbaycan qanunları işləyəcəkdir. Bundan əlavə, Ermənistan Silahlı Qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarını qeyd-şərtsiz azad edir, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında birləşdirici koridor bərpa edilir. Bütün bunlar Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Rəşadətli Azərbaycan Ordusu sayəsində həyata keçdi və hərkəs Azərbaycanın gücünü gördü!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti