...

Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul edib (VİDEO)

Siyasət Materials 2 Fevral 2021 11:56 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul edib (VİDEO)

Bakı. Trend:

Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Trend xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısı rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verdi. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirdi.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirdi, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını dedi. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti