...

ABŞ-da “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmaya dair onlayn forum keçirilib

Siyasət Materials 10 Fevral 2021 06:33 (UTC +04:00)
ABŞ-da “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmaya dair onlayn forum keçirilib

Bakı. Trend:

9 yanvar 2021-ci il tarixində Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnsitututun təşəbbüsü ilə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan irəli gələn əməkdaşlıq və onun regionda yaratığı yeni imkanlara həsr olunmuş onlayn forum keçirilmişdir.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, forumda Mərkəzin sədri, tanınmış politoloq Fredrik Starın moderatorluğu ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkmənistanın bu ölkədəki səfiri Meret Orazov, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza və Mərkəzin direktoru, tanınmış araşdırmaçı Svante Kornel panelist qismində çıxış etmişlər.

İnternet üzərindən Facebook və Youtube şəbəkələrində canlı yayımlanan forumda Xəzər dənizinin karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsini ehtiva edən Anlaşma Memorandumu ətrafında müzakirələr aparılmış, bu layihənin iki ölkə arasıdakı əməkdaşlığı yeni müstəviyə çıxartmaqla yanaşı, regional səviyyədə enerji sahəsinə əlavə imkanlar gətirdiyi bildirilmiş, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu əməkdaşlıqdan faydalanacağı qeyd olunmuşdur.

Səfir Elin Süleymanov çıxışı zamanı Azərbaycan və Türkmənistan tərəfindən Dostluq yatağı üzrə razılaşmanın əldə edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, bu memorandumun imzalanmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun iki dövlətin strateji maraqları naminə birgə fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulamış, qardaş dövlətlərimizin nə qədər yaxın və dost olmasının göstəricisi olmasını bildirmişdir. Səfir son 30 ildə Azərbaycan və Türkmənistanın müstəqillik və suverenliyini gücləndirərək hal-hazırda regionun vacib ölkələrinə çevrildiyini qeyd etmiş, bu razılaşmanın hər iki ölkənin milli maraqlarından və ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlandığını diqqətə çatdırmışdır.

Səfir Vətən müharibəsindən sonra regionda baş verən dəyişikliklərin nəqliyyat, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə və ümumilikdə regionda sabitliyin qorunub saxlanmasına imkan yaratdığını qeyd etmişdir. 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatı xatırladan səfir bunun yalnız Azərbaycana qarşı deyil, bütün region üçün olduqca əhəmiyyətli olan enerji və nəqliyyat xətlərinə təhlükə yaratdığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan tərəfi öz qətiyyətli cavabı ilə regionda ümumi sabitliyə böyük töhvə vermişdir. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi regionda yeni imkanlar yaratmaqla yanaşı, bölgədə əsas təhlükə mənbəyinin aradan qaldırılması ilə nəticələnmişdir. Regional enerji, nəqaliyyat və infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edən E.Süleymanov yeni razılaşmanın Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri, eləcə də Ermənistan üçün də fayda gətirəcəyini vurğulamışdır.

Türkmənistan səfiri Meret Orazov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığı regionda sabitlik və inkişafın əsas elementi olaraq qiymətləndirmiş, ölkəmizin Türkmənistana hər zaman dəstək olduğunu qeyd etmişdir. M.Orazov Lapis Lazuri layihəsi çərçivəsində Əfqanıstanın inkişafı üçün və digər formatlarda ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs etmişdir.

Tədbir zamanı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının əhəmiyyəti vurğulanmış, layihənin regional inkişafa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhvə qeyd olunmuşdur.

Forumu https://www.youtube.com/watch?v=q_SXYT2Pgrk&feature=youtu.be internet səhifəsindən izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti