...

Oklahoma qubernatoru 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

Siyasət Materials 28 May 2021 01:39 (UTC +04:00)
Oklahoma qubernatoru 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

Bakı. Trend

Oklahoma qubernatoru Kevin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının elan edildiyi və 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqilliyini bərpa etdiyi xatırlanır, müstəqil Azərbaycanın atdığı mütərəqqi addımlar vurğulanıb və Azərbaycanın həm ABŞ, həm də Oklahoma ştatı ilə tərəfdaşlığı təqdir olunub.

2021-ci ildə Azərbaycanın Oklahoma ştatı ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığının 18-ci ildönümümün tamam olduğu və Oklahoma Milli Qvardiyasının cəlb olunduğu bu tərəfdaşlığın iqtisadiyyat, neft, təbii qaz və kənd təsərrüfatı kim sahələri əhatə etdiyi qeyd olunub.

Həmçinin 2021-ci ildə Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığının 27-ci ildönümünü qeyd etdiyi və Azərbaycanın terrorçuluğa qarşı mübarizə məqsədilə ABŞ-a davamlı dəstək və yardım göstərdiyi vurğulanır. Bəyannamədə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan birinci dövlət kimi qadınlara səsvermə hüququnu təmin etdiyi və bir sıra proqressiv tədbirlər həyata keçirdiyi qeyd olunub.

Azərbaycanın ABŞ ilə enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi sahələrində birgə maraqlar bölüşdüyü diqqətə çatdırılır. Eyni zamanda, Azərbaycanın sülh, rifah, təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiqliyi nəticəsində regionda lider dövlətə çevrildiyi və bu cür liderliyin müxtəlif sahələrdə imkanlar yaratdığı vurğulanır. Sonda bəyannamədə Azərbaycan Oklahomanın yaxın dostu, müttəfiqi və tərəfdaşı kimi xarakterizə olunub.

Azərbaycan 2003-cü ildən Oklahoma Milli Qvardiyası ilə Ştat Tərəfdaşlıq Proqramına malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə dialoq aparılır və NATO qüvvələri ilə uyarlılığın artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanları genişləndirilməsi, kənd təsərrüfatı kimi sahələrdə təcrübə mübadiləsi və praktik layihələr həyata keçirilib.

2019-cu ildə Oklahomada Azərbaycanla kənd təsərrüfatı forumu keçirilmiş, 2020-ci ildə Oklahoma Ştat Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Azərbaycan tələbələrinin Oklahomada ştat-daxili qiymətlərlə təhsilinə imkan yaradan birgə proqram təsis edilmişdir. Hazırda Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, o cümlədən taxılçılıq və maldarlıq kimi sahələrdə əlavə əməkdaşlıq, eyni zamanda Oklahoma şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası layihələrinə cəlb olunması imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti