Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 4 oktyabr 2021-ci il tarixdə Cəbrayıl ictimayyətinin nümayəndələri ilə keçirdiyi görüş azmanı bir çox vacib məsələlər barədə öz fikirlərini bildirmiş və mühüm mesajlar vermişdir. Cənab Prezident müharibədən sonra bəzi qüvvələrin və dövlət rəsmilərinin Azərbaycan əlehinə səsləndirdikləri təxribat xarakterli çıxışlarını özünəməxsus, sərt şəkildə cavablandırmışdır. Qəhrəman Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşməni darmadağın etmiş, düşmən təslim olmuşdur. Artıq müharibə bitmiş və yeni reallıqlar yaranmışdır. Hər kəs bu reallıqlarla hesablaşmalıdır.
Azərbaycan heç vaxt Ermənistanda imkan verməyəcək ki, yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Cənab Prezident qeyd etmişdir - “Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”.
Son vaxtlar İranın həm rəsmi, həm də qeyri-rəsmi dairələrindən Azərbaycana qarşı qərəz və böhtanla dolu təxribat xarakterli fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Çox maraqlıdır ki, 30 ilə yaxın bir müddətdə Azərbaycanın torpaqları təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlandığı vaxtda həmin ərazilərdə İslama aid dini abidələr, ziyarətgahlar, azərbaycanlıların doğma dədə-baba yurdları yerlə yeksan olunanda, azərbaycanlılara qarşı soyqrımı törədiləndə İran tərəfi susurdu. İndi Azərbaycan haqqı-ədaləti öz gücü ilə bərpa edib və qonşu dövlətlərə, o cümlədən İrana da yeni reallıqlara əsaslanan əməkdaşlığı təklif edir. Bunun əvəzinə biz İran tərəfindən Azərbaycana qarşı heç bir faktlara əsaslanmayan böhtan xarakterli fikirləri eşidirik.
Cənab Prezident İran tərəfindən səsləndirilən bu cür məsuliyətsiz, təxribat xarakterli fikirlərə münasibət bildirərkən demişdir: “İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun”.
Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Azərbaycan öz qonşuları ilə və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qurmuşdur və bu həmişə belə olacaq. Azərbaycan hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşır və tələb edir ki, onun da suveren hüquqlarına hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini öz bildiyi tərzdə planlaşdıracaq və həyata keçirəcək.
Milli Məclisin deputatı
Rauf Əliyev