...

Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq - Kamaləddin Qafarov

Siyasət 19 Yanvar 2022 10:00
Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq - Kamaləddin Qafarov

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq otuz iki il keçir. Həmin hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən ikiüzlü siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin ayrı-ayrı mərhələləri idi. Keçmiş sovet ordusunun yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu sözləri Trend-ə verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırlatmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Həmin gecə dinc əhali təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”

Qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin nümayişi oldu. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Hazırda ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti