...

Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi - Sevil Mikayılova

Siyasət Materials 11 Aprel 2022 10:53 (UTC +04:00)
Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi - Sevil Mikayılova

Bakı. Trend:

2018-ci il aprelin 11-də Azərbaycanda 8 namizədin iştirakı ilə keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq cənab İlham Əliyev seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq növbəti dəfə öz seçimini etdi. Azərbaycanın tərəqqisi, aydın inkişaf yolu, rifahı və əbədi müstəqilliyi məhz bu seçimdən keçirdi. Xalq səhv etmir və edə bilməz. Məsud gələcək, nəsildən-nəslə ötürülən dəyərlər və babalarımızın bizə əmanət qoyduğu Vətən torpaqlarının təhlükəsizliyi bu qərardan asılı idi.

İlk dəfə 2003-cü ildə xalqın etimadını qazanaraq prezident seçilən İlham Əliyevin prezidentlik dövrü quruculuq, yenidənqurma illəri kimi yadda qaldı. Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasətini uğurla davam etdirən Cənab Prezidentin siyasi hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, siyasi gücü-qüdrəti və iqtisadiyyatı daha da artdı, beynəlxalq müstəvidə mövqeyi, nüfuzu xeyli gücləndi. 2018-ci il seçkilərində qazandığı parlaq qələbə isə xalqın öz liderinə olan sonsuz məhəbbəti, inamı və gələcəyinə etibarı idi. 2003-2018-ci illərdə Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına nail olmuş, onun siyasi və iqtisadi nüfuzunun artması və regional gücə çevrilməsini təmin etmişdi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – fikrini səsləndirən Prezident İlham Əliyev bu illər ərzində davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edib.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artdı. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endi. Bütün bunların nəticəsi olaraq 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirdi. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etdi, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində aparılan planlı işlər öz səmərəsini verdi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə olundu. Bu istiqamətdə böyük meliorasiya tədbirləri görüldü, dörd böyük su anbarı tikilərək istifadəyə verildi.

İqtisadiyyatın inkişafı ilə yanaşı müstəqil Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeləri də gücləndi. 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və uğurlu diplomatik gedişlər, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və digər bu kimi nüfuzlu qurumların tribunasından səsləndirdiyi qətiyyətli bəyanatlar və bir çox məsələlərdə onun rəyinə göstərilən hörmət ölkəmizin siyasi mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, sözü və əməli eyni olan ölkə, etibarlı tərəfdaş kimi tanınır. Təbii ki, bu status məhz Prezident İlham Əliyevin liderlik istedadı, yüksək diplomatik qabiliyyəti və siyasi nüfuzunun vəhdəti nəticəsində qazanıldı.

Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə strateji hədəflərə nail olundu, peşəkar ordu quruculuğu müvəffəqiyyətlə həyata keçirildi, Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri nəticəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordusundan da biridir. Məhz bu Ordu 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər səhifəsini yazdı. 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, döyüş taktikası və hərbi innovativlik bütün dünyanı özünə cəlb etdi. Hazırda məhz bu döyüşlərin taktika və texnikası dünyanın bir sıra hərbi mərkəzlərində dərindən öyrənilir.

Əminliklə söyləmək olar ki, Azərbaycan tarixinin 2003-2018-ci illəri əhatə edən dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib Azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi. Bugünki Azərbaycan dünyanın bütün nöqtələrində yaşayan hər bir azərbaycanlının fəxr etdiyi, qürur duyduğu, arzuladığı Vətənidir.

Milli-mənəvi dəyərlərimizə sıx bağlı olan vətənpərvər gənclərimiz isə Azərbaycanın ən böyük varidatıdır, bugünü, gələcəyidır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri milli ruhda tərbiyə alan parlaq gəncliyimizin yetişməsidir. Onların təlim-tərbiyəsinə, təhsilinə, müasir inkişafına göstərilən diqqət və qayğının nəticəsində yetişən sağlam düşüncəli gənclər etibarlı gələcəyimizi təmin edəcək. Çiçəklənən, məsud, güclü Azərbaycan Prezident İlham Əliyevin amalıdır. Tarix yazan ŞƏXSİYYƏT tarixin qızıl səhifəsidir!

Sevil Mikayılova
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti