...

Vətənə və xalqa həsr edilən ömür

Siyasət Materials 10 May 2022 15:51 (UTC +04:00)
Vətənə və xalqa həsr edilən ömür

Bakı. Trend:

İkinci Dünya müharibəsindən və xüsusilə də "Xruşov istiləşməsi"ndən sonra SSRİ rəhbərliyindən milli ucqarlara qarşı münasibət müəyyən qədər yumşalsa da, Azərbaycanda milli elitanın keyfiyyət göstəriciləri heç də xalqın potensialına cavab vermirdi. Respublikada yaşlı əhalinin tərkibində ali təhsillilərin say nisbəti orta ittifaq göstəricilərindən aşağı idi. XX əsrdə nəinki elm, ədəbiyyat və texniki sahədə ziyalılar, hətta bu sahələr üzrə Azərbaycan xalqının tarixi şəxsləri belə həm dünya, həm də ittifaq səviyyəsində zəif tanınırdı. Azərbaycan xanlıqlarının ləğvi dövründən ağrılı və aktual olan bu problemi xalqımız hər dövrün imkanlarına uyğun maksimum həll etməyə çalışıb. Həm ümumilikdə cəmiyyət, həm də xalqın tanınmış nümayəndələri - XIX əsrdə İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, XX əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev, neft milyonçuları, milli-demokrat düşüncəli ziyalılar, ADR qurucuları bu problemin həllinə öz töhfələrini veriblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonrakı dövrlərdə Nəriman Nərimanov, Əziz Əliyev, Heydər Hüseynov, Mirzə İbrahimov kimi şəxslər milli ziyalılarımızın yetişməsində böyük rol oynamışlar. XX əsrin ortalarından başlayaraq bu tarixi missiyanı, bu rolu tədricən siyasi səhnədə nüfuz qazanmağa başlayan Heydər Əliyev uğurla həyata keçirməyə başladı. O, bu istiqamətdə ilk addımlarını respublika təhlükəsizlik orqanlarında çalışdığı dövrdə atmışdır. Bir tərəfdən bu struktura bacardığı qədər milli kadrlar cəlb etməklə o, Azərbaycan xalqının milli maraqlarına güclü dayaq yaradırdı. Xalq arasından çıxan, milli dəyərlərə və müasir fikirlərə bağlı olan kadrlar xalqın problemlərinin həllinə daha məsuliyyətlə və daha yaradıcı yanaşırdılar. Həmçinin, təhlükəsizlik orqanlarına işə götürülən azərbaycanlı gənclərin özləri də sonradan milli elitanın qorunmasında, onlara qarşı təqiblərin qarşısının alınmasında böyük rol oynayacaqdılar. Eyni zamanda, Heydər Əliyev tərəfindən təhlükəsizlik orqanlarına işə götürülən gənclər sonradan başqa sahələrə keçərək özləri Azərbaycanın ziyalı təbəqəsinin aparıcı fiqurlarına çevrilirdilər və respublikada milli düşüncənin, milli-azadlıq fikirlərinin yayılmasında böyük rol oynayırdılar. Heydər Əliyev DTK rəhbərliyində olduğu müddətdə ilk növbədə, çoxsaylı Azərbaycan ziyalılarının təqib edilməsinin və yaradıcılığına qadağalar qoyulmasının qarşısını aldı. Məhz bu səbəbdəndir ki, onun DTK-ya və Azərbaycan SSR-yə rəhbərliyi dövründə ölkəmizdə heç kəs millətçilik, antisovet təbliğatı və dissident hərəkatlarında iştirakına görə cinayət məsuliyyətinə cəlb edilmədi. Onun DTK sədri kimi müxtəlif ziyalı kollektivləri ilə və təklikdə görüşlərində onları yaradıcılığa səsləyir, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı tədqiqatlarını dəstəkləyirdi. Həmin dövrdə erməni millətçilərinin ziyalılarımızın ləkələnməsinə yönəlmiş hərəkətlərinin qarşısı qətiyyətlə alınırdı. Azərbaycan ziyalılarının qorunması və qayğı göstərilməsi prosesi Heydər Əliyevin respublikaya rəhbər təyin edilməsi ilə daha da genişləndi və bu bir sistem halını aldı.

Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərlik etməsi onun xalqımızın milli ziyalı təbəqəsini yaratması üçün imkanlarını xeyli genişləndirdi. Respublikanın imkanlarının ittifaq tərəfindən məhdudlaşdırılmasına, ciddi ideoloji çərçivələrin mövcudluğuna, eləcə də erməni millətçilərinin Moskvaya ciddi təsirinə baxmayaraq 13 illik birinci siyasi hakimiyyət dövründə bir çox böyük və əhəmiyyətli işlər görmək mümkün oldu. İlk növbədə, Azərbaycanda ana dilinin rus dili ilə yanaşı, dövlət dili kimi işləməsi üçün ciddi addımlar atıldı. Bu istiqamətdə Heydər Əliyev hələ DTK sədri işləyən dövrdə əhəmiyyətli işlər görmüşdü. Onun əmək kollektivlərində görüşü zamanı Azərbaycan dilində danışması, 1969-cu ilin may ayında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi cəmiyyətdə ciddi əks-səda doğurmuşdu. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Bu, milli özünüdərk yolunda atılan ən mühüm addımlardan biri idi. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusu almasını sadəcə dil məsələsi kimi deyil, həm də azərbaycançılıq məsələsi kimi dəyərləndirirdi.

Heydər Əliyevin təhlükəsizlik orqanlarında çalışarkən, Azərbaycanda siyasi hakimiyyətinin bütün dövrlərində və SSRİ rəhbərliyindəki fəaliyyətinin əsas istiqamətlərindən biri respublikada ziyalı təbəqəsini formalaşdırmaq, qorumaq və Azərbaycandan kənarda tanıtmaq olmuşdu. Azərbaycanda ziyalı təbəqəsinin formalaşmasına olan qayğı Heydər Əliyev fəaliyyətinin növbəti mərhələlərində də uğurla davam etdirilirdi. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə bu siyasət yaranmış yeni situasiyadan irəli gələrək daha dərin və məzmunlu həyata keçirilməyə başlandı.

1969-1982-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda beş yeni ali məktəb - Naxçıvan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Mühəndislər İnstitutu, Azərbaycan Texniki İnstitutu, Xankəndi Pedaqoji İnstitutu və Sumqayıt Ali Texniki Təhsil Məktəbi açıldı. Bunlarla yanaşı, dünyanın müxtəlif şəhərlərinin nüfuzlu ali məktəblərində Azərbaycan üçün yüksəkixtisaslı kadr hazırlığına başlandı. 1983-cü ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə azərbaycanlı tələbə təhsil alırdı. Təhsilini başa vurandan sonra onlar Azərbaycana qayıdaraq mütəxəssis kimi çalışır, bir qismi isə təhsil aldıqları ölkədə qalaraq elm, incəsənət, iqtisadiyyat sahələrində Azərbaycanı layiqincə təmsil edir, diasporumuzun əsasını yaradırdılar.

H eydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə dövrümüzün görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Bütün ömrünü xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz fəaliyyətində həmişə xalqına arxalanmış, ən çətin anlarda ona müraciət etmiş, xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görülməmiş təzahürü idi.

1944-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə başlaması yeni bir mərhələnin başlanğıcı oldu. Belə ki, həmin mərhələdə dahi rəhbər təhlükəsizlik orqanlarında saflaşdırma və milliləşdirmə kimi mürəkkəb vəzifəni həyata keçirməklə, savadlı və yerli kadrları irəli çəkmiş, yüzlərlə azərbaycanlı gənci dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul etdirmişdir. Eləcə də, xalqın görkəmli və milli ziyalılarını siyasi təqiblərdən qorumaqla yanaşı, onların əsərlərinə yüksək dövlət mükafatlarının verilməsinə nail olmuşdur.

Azərbaycanın xüsusi xidmət orqanlarının əsl inkişafı, bu strukturlarda milliləşmə prosesi 50-ci illərdən etibarən ulu öndər Heydər Əliyevin fədakarlığı və qətiyyəti sayəsində başlamışdır. Məhz Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə, sonradan isə respublikaya rəhbər təyin olunmasından sonra bu orqanlara dövlət qayğısı güclənmiş, onun sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdi. SSRİ dövründə Azərbaycan xüsusi xidmət orqanları böyük inkişaf yolu keçdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə isə milli kadrlarla möhkəmləndi, böyük təcrübə, peşəkarlıq qazandı.

Ötən əsrin 50-ci illərinin ortalarından etibarən stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı. Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından daim seçilən xalqımızın dahi oğlu təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür.

1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı idi. Bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.

Qürurvericidir ki, Azərbaycan tarixində ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün peşəkar kadrlar hazırlayan ali təhsil müəssisəsinin yaradılması da ulu öndərin iyirmi dörd il öncə böyük uzaqgörənliklə qəbul etdiyi qərarla reallığa çevrilmişdir. Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində bu qurumun sağlamlaşdırılması və milliləşdirilməsi kimi çətin, mürəkkəb, lakin şərəfli missiyanı uğurla həyata keçirərək vətənpərvərlik ənənələrinin əsasını qoymuş və möhtəşəm peşəkarlıq məktəbi yaratmağa nail olmuşdur.

2005-ci ilin dekabr ayının 20-də təhsil ocağına ulu öndərin adının verilməsi barədə Akademiyanın şəxsi heyəti möhtərəm Prezident cənab İlham Əliyevə müraciət etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərini, xatirəsinin əbədiləşdirilməsini və Akademiyanın kadr hazırlığı sahəsində qazanılmış nailiyyətlərini nəzərə alaraq təhsil ocağına dahi rəhbərin adı verilmişdir.

Bu gün ümummilli liderin adını daşıyan Akademiyada ulu öndərin zəngin dövlətçilik irsi dərindən öyrənilir, o cümlədən dahi şəxsiyyətin dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi vaxtlarda həyata keçirdiyi əməliyyatlar klassik xüsusi xidmət fəaliyyətinin unikal nümunələri kimi kursantlara geniş aşılanır və tədris edilir.

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra digər dövlət qurumları ilə birgə təhlükəsizlik orqanlarının da yenidən qurulmasına təkan verildi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi, qətiyyətsiz mövqeyi və şəxsi ambisiyaları ucbatından respublikanı xaos bürümüş, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.

Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. Təhlükəsizlik orqanlarının normal fəaliyyətini təmin etmək üçün onun qanunvericilik bazasını yenidən təkmilləşdirdi və vəzifələrini müəyyənləşdirdi.

Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinin, konstitusiya quruluşunun, iqtisadi, müdafiə və elmi-texniki potensialının, həmçinin həyati əhəmiyyətli digər maraqlarının qorunması idi. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar birliklərin və ayrı-ayrı şəxslərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizənin səmərəli təşkili əməliyyat-axtarış və xidməti fəaliyyətin mühüm istiqamətləri kimi həllini gözləyirdi.

Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlət orqanlarının birgə və əməli fəaliyyəti nəticəsində vətəndaş müharibəsi təhlükəsindən qurtulmuş respublikada qısa bir müddət ərzində əmin-amanlıq, ictimai-siyasi sabitlik təmin edildi, təhlükəsizlik və asayiş bərqərar olundu. Ölkədə dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin tədricən aradan qaldırılması, Azərbaycanda baş verən hadisələrin həqiqi demokratik müstəviyə keçirilməsi istiqamətində mühüm işlər görüldü. Dövlət əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınması, eləcə də qanunsuz silahlı qruplaşmaların ləğvi istiqamətində qətiyyətli tədbirlər həyata keçirildi. Çoxlu sayda silah-sursat qanunsuz dövriyyədən çıxarıldı. Təsadüfi deyil ki, atılan addımlar, nümayiş olunan siyasi iradə dünyanın əksər dövlətləri tərəfindən müsbət qarşılanaraq təqdir edildi.

Xalqımız birmənalı olaraq Heydər Əliyev siyasi kursunu dövlətin müqəddəratının əsas təminatçısı, Azərbaycanın qüdrətlənməsinin və inkişafının yeganə qarantı kimi qəbul edir. Ulu öndərin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən Ona özüm qədər inanıram" - deyə siyasi fəaliyyətinə zəmanət verdiyi cənab İlham Əliyevə olan misilsiz etimadın da əsas amili məhz bu kursun davamlılığına olan xalqın tələbi və istəyi idi. Möhtərəm Prezidentin fəaliyyətə başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikirləri ötən dövrdə tam əksini tapmış, ölkə rəhbərinə olan sonsuz xalq inamını şərtləndirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf konsepsiyasının yeni mərhələsi başlanmış, hərtərəfli tərəqqi və intibah dövrünə qədəm qoyulmuşdur. İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqedə olan, beynəlxalq birlikdə etibarlı tərəfdaş və strateji müttəfiq kimi qəbul olunan, mühüm beynəlxalq konfranslara və yarışlara evsahibliyi edən, Avropanın əsas enerji təminatçılarından birinə çevrilən, əhəmiyyətli qlobal neft-qaz və kommunikasiya xətlərinin təşəbbüskarı olan Azərbaycan Respublikasının bugünkü böyük nailiyyətləri məhz Prezident İlham Əliyevin düzgün, məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.

Azərbaycanda dövlət təhlükəsizliyinin təminatı sistemi ulu öndər Heydər Əliyevin vətənpərvərlik irsinə və peşəkarlıq məktəbinə əsaslanır. Ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr edən ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin və amallarının yaşadılması Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin dəyişməz prinsipidir. Bu prinsipin əsasında dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması, ölkəmizin hərtərəfli inkişafı və daha da qüdrətlənməsi dayanır. Həmçinin, bu prinsipin əsas halqalarından birini işğal altındakı ərazilərimizin azad edilməsi kimi məsuliyyətli və taleyüklü bir vəzifə təşkil edirdi ki, bu da ümummilli liderin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi və iradəsi nəticəsində gerçəkləşdi.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi böyük Zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Ümummilli lider Heydər Əliyevin ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan sürətlə inkişaf edir, böyük uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

D ünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda müstəqilliyinin 31-ci ilini əraziləri işğaldan azad olunmuş məğrur, ləyaqətli xalq kimi qeyd edəcək Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi möhkəm və sıx birləşmişdir.

Azər Qarayev,
Azərbaycan təhlükəsizlik orqanlarının və
Birinci Qarabağ müharibəsinin veteranı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti