...

Aİ Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş tədbirlərə dəstəyini gücləndirməyə hazırdır - Toivo Klaar (Müsahibə)

Siyasət Materials 26 May 2022 12:00 (UTC +04:00)
Aİ Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş tədbirlərə dəstəyini gücləndirməyə hazırdır - Toivo Klaar (Müsahibə)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş tədbirlərə dəstəyini gücləndirməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin mayın 22-də Brüsseldə keçirilən görüşü 2021-ci ilin dekabrından bəri sayca üçüncü görüşdür.

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşün yekunları ilə bağlı qeyd etdiyi kimi, bu görüş gündəmdəki bütün məsələlərlə bağlı səmimi və məhsuldar fikir mübadiləsi üçün imkan verib. Aİ Azərbaycan və Ermənistanın bu formata qətiyyətli sadiqliyini alqışlayır. Liderlərin bu yay növbəti üçtərəfli görüşünə qədər qarşıdakı həftələrdə görüləcək çox işlər var”, - T.Klaar bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, mayın 22-də bir sıra konkret nəticələr əldə edilib, xüsusən də Azərbaycan və Ermənistan sərhəd komissiyalarının dövlətlərarası sərhəddə mayın 24-də keçirilmiş ilk birgə iclasının təşkili ilə bağlı nəticə əldə olunub. Həmçinin, Qərbi Azərbaycanla Naxçıvan arasında, Ermənistanla Azərbaycan arasında tranziti tənzimləyən prinsiplərlə əlaqədar da razılıqlar əldə olunub. Tranzit prinsiplərinə gəldikdə, liderlər beynəlxalq daşımalar kontekstində sərhədin idarə olunması, təhlükəsizlik, torpaq yığımları, eləcə də gömrük qaydaları prinsipləri barədə razılığa gəliblər.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında gələcək sülh sazişi ilə bağlı, liderlər öz komandalarına müzakirələri davam etdirməyi və yaxın həftələrdə irəliləyişi təmin etməyi tapşırıblar.

“Əldə olunan irəliləyişi nəzərdən keçirərkən, mən qəti şəkildə inanıram ki, liderlər Cənubi Qafqazda dayanıqlı sülhə dair yanaşmanı bölüşürlər. Brüsseldəki görüşlər tərəflərin yaxınlaşması üçün lazımi şəraitin yaradılmasına kömək edən mühüm elementdir”, - T.Klaar deyib.

Onun sözlərinə görə, görüşlərin özləri ilə paralel olaraq, tərəflərin əhalini uzunmüddətli dayanıqlı sülhə hazırlamaq üçün lazımi addımlar atması vacibdir.

“Aİ Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də parlamentdəki çıxışını, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin düşmənçilik səhifəsini çevirmək və münaqişədən zərər çəkmiş əhali üçün təhlükəsiz gələcək təmin etmək zərurəti ilə bağlı bəyanatını alqışlayıb. Daha çox işlər görülə bilər və görülməlidir, amma mən hesab edirəm ki, biz düzgün yoldayıq və bu sahədə də daha konkret razılaşmalar görəcəyik”, - deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Aİ regionda uzunmüddətli dayanıqlı sülhün qurulmasına yönəlmiş bütün səyləri alqışlayır.

“Brüssel formatı ilə yanaşı, hər iki tərəf üçün məqbul olan hərtərəfli həllin tapılmasına kömək edən digər tərəflər, digər oyunçular da var. Biz hamımız Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında ələd olunan atəşin dayandırılması barədə bəyanatda göstərilən şərtlərdən yola çıxırıq. Mən əvvəllər də demişəm ki, Moskvada və Soçidə əldə olunmuş yüksək səviyyəli razılaşmalar bizimlə eyni istiqamətdədir. Bizim səylərimiz bir-birini istisna etmir”, - T.Klaar deyib.

T.Klaar qeyd edib ki, istənilən sülh prosesi çox vaxt spekulyasiyalarla müşayiət olunur və bu normal haldır.

“Ancaq təəssüf ki, biz gərginliyi azaltmağa kömək etməyən bəzi bəyanatları da eşidirik. 1990-cı illərin müharibəsi və 2020-ci il müharibəsi də daxil olmaqla 30 illik münaqişənin xatirələri hər iki cəmiyyətdə hələ də yaşayır. Yaraları sağaltmaq və müxtəlif cəmiyyətlər arasında etimadı bərpa etmək lazımdır ki, bunu birtərəfli etmək mümkün olmayacaq. Region əhalisi sülh prosesinin gələcək inkişafına əmin olmalıdır, buna isə vaxt tələb olanacaq”, - deyə xüsusi nümayəndə bildirib.

Onun sözlərinə görə, əhalinin uzunmüddətli dayanıqlı sülhə hazırlanmas və bütün məcburi köçkünlərin qayıtması üçün şəraitin təmin edilməsi də vacibdir.

“Bu kontekstdə biz, həmçinin yaxın gələcəkdə humanitar məsələlər və konkret humanitar təşəbbüslər, o cümlədən minaların təmizlənməsi, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi üzrə daha sıx əməkdaşlığa ümid edirik. Aİ bu problemlərin həllinə yönəlmiş səylərə dəstəyi gücləndirməyə hazırdır”, - T.Klaar vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti