Bakı. Trend:
İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növləri
komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri
iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi
birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə
qoşulublar.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti
qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət,
müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə
çatdırılıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması,
eləcə də qarşılıqlı əlaqənin təkmilləşdirilməsi məqsədilə
komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub.
Müşavirədə real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki
məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi
xüsusi qeyd edilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək
səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara
dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret
tapşırıqlar verib.
Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc
əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların
hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin
təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət
mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına
uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə yaradılan Milli Müdafiə Universitetinin fəaliyyəti müsbət
qiymətləndirilib.
Müdafiə naziri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi
bötövlüyü uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin
hər zaman olduğu kimi 26 iyun -Silahlı Qüvvələr Günü ərəfəsində də
diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər
qarşısında tapşırıq qoyub.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun
xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam
etdirilməsi, həmçinin hərbi infrastrukturun təkmilləşdirilməsi və
təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi
vurğulanıb.