...

İstilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

Siyasət Materials 25 İyul 2022 17:37 (UTC +04:00)
İstilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

Bakı. Trend:

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiq edib.

Trend xəbər verir ki, yeni sənədlərə əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcəklər.

Cərimənin məbləği fiziki şəxslər üçün 20, vəzifəli şəxslər üçün 50, hüquqi şəxslər üçün isə 100 manat olacaq.

Bu vaxta qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

***

Prezident İlham Əliyev, həmçinin, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.

Fərmanla “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

-“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq istilik enerjisindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

- “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti