Bakı. Trend:
Tarixin müxtəlif vaxtlarında azərbaycanlılar etnik mənsubiyyətinə görə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunub. Onlar öz ata-baba yurdlarından deportasiya edilməklə pərən-pərən salınıb. Deportasiya edilmiş soydaşlarımızın böyük əksəriyyəti Azərbaycan ərazisində məskunlaşıb. Soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilməli və tarixi ədalət bərpa olunmalıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır və azərbaycanlılar uzun illər dədə-baba yurdları olan Qərbi Zəngəzurda, Göyçə mahalında, Vedibasarda, ümumiyyətlə, hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə yaşayıblar:
“Lakin azərbaycanlılar tarixin müxtəlif vaxtlarında öz doğma yurdlarından qovuldu, orada olan mədəni-tarixi irsimiz erməni vandalizminə məruz qaldı, dağıdıldı. Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir. Bu ədalətsizliyə son qoyulmalıdır və soydaşlarımızın öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi və insani haqqıdır. Biz hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni etməliyik”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan dövləti bu istiqamətdə lazmi işlər
həyata keçirir. “Məlumdur ki, bu yaxınlarda “Qərbi Azərbaycan
İcması” adli yeni təşkilat yaradıldı. İcmanın məqsədi müxtəlif
vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi
şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların
varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların
hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində
Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin
öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının
alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq
hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından
ibarətdir.
Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və hər
birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. 44 günlük Vətən
müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və
Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və
qətiyyəti ilə Zəfər qazandıq. Düşünürəm ki, Qərbi Azərbaycan
uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik və
qarşıya qoyulan məqsədlərə nail olmalıyıq”, - deyə deputat əlavə
edib.