...

Sinqapur Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır (FOTO)

Siyasət Materials 24 Sentyabr 2022 20:57 (UTC +04:00)
Sinqapur Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır (FOTO)

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.

Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.

Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti