Bakı. Trend:
Oktyabrın 4-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq
Aeroportunda qarşılayıb.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib.
Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət
himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı”
imzalanıb.
Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən
məmnunluğunu bildirib, ölkələrimiz arasında digər sahələrdə olduğu
kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq
və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov Ermənistan silahlı birləşmələrinin son
təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab
tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu
quruculuğu sahəsində görülən işlər barədə danışıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar
genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi
qulluqçularına yaxınları və ailə üzvlərinə başsağlığı verib,
yaralılara şəfa diləyib.
Milli müdafiə naziri ölkələrimiz arasında qarşılıqlı inam, etimad
və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf
edəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin digər rəhbər
heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların
peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi
təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi
təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri,
regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra
məsələlər müzakirə edilib.