Bakı. Trend:
Erməni bıçağı ilə Rusiyanın kürəyinə vurulan zərbə İrəvanın xeyrinə olmayacaq.
Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov İrəvanın Aİ və Fransanın birgə missiyasının Ermənistanda yerləşdirilməsinə razılıq verməsini şərh edərkən deyib.
"Aİ missiyasının Ermənistan və Azərbaycan ərazisində yerləşdirilməsi təklifi Azərbaycan tərəfindən yumşaq və diplomatik şəkildə rədd edilib. Onun yalnız Ermənistan ərazisində yerləşdirilməsi təklif edilib, Azərbaycan bu missiya ilə yalnız zərurət olduqda əməkdaşlıq edəcək. Missiyanın yerləşməsinə gəlincə, Rusiyada Paşinyanın bu davranışı xəyanət kimi qiymətləndirilir, çünki o, Fransanın və digər NATO ölkələrinin hərbçi və kəşfiyyatçılarını KTMT üzvü olan Ermənistan ərazisinə dəvət edir. Mən əmin deyiləm ki, Rusiyanın kürəyinə erməni bıçağı ilə vurulan bu zərbə Ermənistanın xeyrinə olacaq. Hesab edirəm ki, bu, Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskin soyumasına səbəb ola bilər”, - deyə o bildirib.
Politoloqun qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla ziddiyyətləri sülh yolu ilə həll etmək, Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın öz sərhədləri daxilində vahidliyini tanıyacağı sülh müqaviləsi imzalamaq üçün istənilən diplomatik imkanlardan istifadə etməyə çalışır.
“Məhz sülh yolu ilə Azərbaycan rəhbərliyi mümkün qədər irəli getmək, bütün erməni silahlı birləşmələrinin tamamilə çıxarılmasına və Qarabağın bütün ərazisində Azərbaycan dövlətçiliyinin tam bərpasına nail olmaq istəyir", - S.Markov deyib.
(Tərcümə: Orxan Nəbiyev)