...

AHİK Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirib

Siyasət Materials 21 Oktyabr 2022 15:32 (UTC +04:00)
AHİK Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirib

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Müqvimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə dəyirmi masa keçirib.

AHİK-dən bu gün Trend-ə bildirilib ki, tədbirdə AHİK-in sədr müavinləri - Cavanşir Alxasov və Aqil Dadaşov, şöbə müdirləri, həmçinin Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Qırğızıstan, Litva, Moldova, Portuqaliya və Serbiyadan ölkəmizə gələn həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Çıxış edən A.Dadaşov tədbirin Şuşa şəhərində keçirilməsinin önəminə diqqət çəkərək bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əzəli və əbədi Azərbaycan torpağıdır. Hər bir azərbaycanlı bu şəhəri mənəvi varlığının ayrılmaz bir parçası hesab edir. Sədr müavini qeyd edib ki, 30 ilə yaxın bir müddət ərzində işğal altında qalan şəhər Ermənistan tərəfindən talanlara, dağıntılara məruz qalıb, amma buna baxmayaraq, yenə də şəhər milliyini, özünəməxsusluğunu qoruyub saxlayıb. A.Dadaşov həmçinin uzun illər işğalda qalan Şərqi Zəngəzur və Qrabağda ermənilərin törədiyi hərbi cinayətlərdən, vandalizmdən, tarixi-mədəni abidələrimizi məhv etməsindən bəhs edib: “Yəqin, Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən Ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Şuşaya gələrkən keçdiyimiz o yolların sağı-solu vaxtı ilə möhtəşəm şəhərlər, qəsəbələr, kəndlər olub. Bu ərazilərdə 1 milyondan artıq azərbaycanlı yaşayıb. İşğal zamanı Ermənilərin törətdiyi insanlığa sığmayan vəhşiliklər nəticəsində inidi xarabalığa çevrilib”.

O vurğulayıb ki, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə öz torpaqlarını işğalçılardan təmizlədi. Həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən danışan A.Dadaşov Zəngilanın Ağalı kəndinə sakinlərin qayıtması ilə Böyük qayıdış planına start verildiyini diqqətə çatdırıb: “Düşmənin darmadağın etdiyi bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Ötən gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Hər zaman dünyada haqqın, ədalətin yanında olan dost və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı cənab İlham Əliyevlə birgə hava limanının rəmzi açılışını bildirən lenti kəsdi. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Heydər Əliyev Fondunun işğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasını qeyd etmək istərdim. Düşmən tapdağında qalan, dağıdılan, təhqir olunan dini abidələrimiz, məscidlərimiz Azərbaycanın Birinci vitse-prezident, Fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə yenidən həyata qaytarılır. Ümumilikdə sürətli, planlı və sistemli şəkildə aparılan quruculuq işlərinə Prezident İlham Əliyev şəxsən özü nəzarət edir”.

Mövzu ilə bağlı fikirlərini bölüşən A.Dadaşov BƏT-nin 205 saylı tövsiyəsi və onun əməli tətbiqindən danışıb.

AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırıması, işçilər üçün layiqli və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən, həmçinin BƏT-nin qəbul etdiyi tövsiyə və konvensiyaların icrası istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, eləcə də əməyin təhlükəsizliyi, işçilərin sğlamlığının qorunması ilə bağlı aparılan işlərdən bəhs edən AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov bildirib ki, ölkəmizdə layiqli əmək şəraitinin yaradılması, məşğulluğun artırılması, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün effektli addımlar atılır, məcburi əməyə qarşı mübarizə gücləndirilib. AHİK-in BƏT-lə əmək münasibətləri, məşğulluq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində daim genişlənən fəal əlaqələrindən danışan T.Süleymanov BƏT-nin konvensiyalarının ölkəmizdə ratifikasiya olunduğunu, milli əmək standartlarına uyğunlaşdırıldığını deyib. Vurğulayıb ki, əmək miqrasiyası, sosial müdafiə və digər sahələrdə həyata keçirilən birgə layihələr səmərəli nəticələr verir.

Digər çıxış edənlər əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılmasından danışıblar.

Xarici qonaqlar öz ölkələrində BƏT-nin tövsiyə və konvensiyalarının icra vəziyyəti, məşğulluq, əmək münasibətləri ilə bağlı həyata keçirilən tədbirlər planı haqqında məlumat verib, mövzu ətrafında fikirlərini bildirib və rəylərini qeyd ediblər.

Sonda qarşılıqlı maraq doğuran geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, xarici ölkələrdən gələn həmkarlar ittifaqlarının nümayəndələri Şuşaya gedərkən Şərqi Zəngəzurda və Qarabağda yol boyu erməni təcavüzkaları tərəfindən uzun illər ərzində məhv edilmiş yaşayış məskənləri, infrastruktur obyektləri, onların insanlığa sığmayan vandal hərəkətləri ilə tanış ediliblər.

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkən qonaqlara Ermənistanın törətdiyi bu və digər hərbi cinayətlər haqqında məlumat verilib.

Qonaqlar həmçinin həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Xarici ölkə nümayəndələri ölkəmizə səfərlərindən, tədbirin əhəmiyyətində və yüksək səviyyədə təşkilindən, eləcə də göstərilən qonaqpərvərlikdən və səmimi münasibətdən razılıqlarını ifadə ediblər. Əsasən tədbirin Şuşada keçirilməsindən, bu möhtəşəm şəhəri görmələrindən məmnunluqlarını bildiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti