...

İcma üzvləri: Komitə sədrinin Avstraliyaya səfəri Azərbaycanın öz soydaşlarına sahib çıxmasıdır (FOTO)

Siyasət Materials 14 Noyabr 2022 17:11 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Avstraliya və Okeaniya Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının (AKŞ) yaradılmasını rəğbətlə qarşılayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri, Avstraliya və Okeaniya Ölkələri üzrə AKŞ-nin Sidneydəki əlaqələndiricisi Mikayıl Oyta hesab edir ki, diaspor quruculuğunda uğurlu formata çevrilən AKŞ-nin yaradılması çox mühüm addımdır: “AKŞ-də sidq-ürəklə çalışmaq, Azərbaycan icmasının mütəşəkkil qüvvəyə çevrilməsi, Vətənimizin ədalətli mövqeyinin Avstraliyada təbliğ olunması naminə əlimizdən gələni etmək çox əhəmiyyətlidir. Biz Avstraliya Azərbaycanlıları Assosiasiyası olaraq AKŞ-də bütün gücümüzlə çalışacağıq. Düşünürəm ki, Azərbaycan Evinin yaradılması da AKŞ-nin səmərəli fəaliyyəti baxımından faydalı ola bilər. Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstraliyaya səfərini müsbət qiymətləndiririk. Bu səfər Azərbaycan icmasının bir araya gəlməsi və Avstraliya-Azərbaycan əlaqələrinin inkişafı baxımından vacibdir”.

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri, AKŞ-nin Sidneydəki əlaqələndiricisi İmaməddin Qasımov da təşkilatın təsis edilməsinin Azərbaycan icmasının birliyinə müsbət təsir göstərəcəyinə əmindir: “Soydaşlarımız bu addıma çox sevindilər. Heç vaxt hamımız tam olaraq bir yerə yığışa bilmirdik. Bundan sonra hamımız bir yerə yığışacağıq və daha güclü olacağıq”.

Birlik sədri qeyd edib ki, Avstraliyada ilk dəfə olaraq Azərbaycanın rəsmi şəxslərindən biri ilə soydaşlarımızın görüşü keçirilib: “Komitə sədri bu görüşü böyük bacarıqla, yüksək səviyyədə apardı. Öncədən Komitənin əməkdaşları bu səfərlə bağlı bizimlə əlaqə saxlamışdı. Hər bir məsələnin üzərində dəqiqliklə hazırlıq işi görülmüşdü. Komitə sədrinin iştirakı ilə çox yaxşı müzakirələr baş tutdu. Azərbaycan Evinin, Azərbaycan məktəbinin, idman komandalarının yaradılması, multikultural festivallarda ölkəmizin təmsil olunması və digər məsələlər barədə təkliflər səsləndirildi. Soydaşlarımız qürur və sevinclə bu məsələlərə yanaşdılar və hamı məmnun oldu. Çünki bu addımlar yalnız və yalnız icmamızın birliyinə, həmrəyliyinə xidmət edəcək”.

Komitə sədrinin Avstraliyaya səfərini “Azərbaycan dövlətinin möhtəşəm addımı” və soydaşlarımıza sahib çıxması kimi dəyərləndirən İ.Qasımov diqqəti Azərbaycan icmasının müxtəlif bölgələrdə yaşayan nümayəndələrinin görüşə dəvət olunmasına cəlb edib: “Bu, bütün icma üzvlərinə nümayiş etdirilən sayğı idi. Bir-birimizi canlı görmək əla oldu. Komitə sədri bizi bir yerə yığa bildi. Buna görə sədrə və Komitə əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm”.

AKŞ-nin Brisbondakı əlaqələndiricisi Elvin Əzimzadə hesab edir ki, bu addımın icmanın fəaliyyətinə müsbət təsir edəcəyi şəksizdir. Soydaşlarımızın Avstraliyada Azərbaycan Evinin açılması arzusuna diqqəti cəlb edən əlaqələndirici hesab edir ki, bu addım hər kəsi, o cümlədən onu da ürəkdən sevindirə bilər: “Uzaq Avstraliyada vətənimizin tarixini, mədəniyyətini təbliğ edəcək mərkəzin olmasına böyük ehtiyac var. Bu, həm də soydaşlarımızın sıx birləşməsinə və güclənməsinə vəsilə olacaq”.

E.Əzimzadə bildirib ki, Komitə sədrinin Avstraliyaya səfəri sevindirici amil olub: “Uzun illərdir ki, Avstraliyaya Azərbaycandan rəsmi şəxs səfər etmirdi. Komitə sədrinin iştirakı ilə görüşün keçirilməsi, bacardığı qədər tədbirdə iştirak edən hər kəslə ünsiyyətdə olması, hamının fikrini dinləməsi, hər birimizin suallarına cavab verməyə çalışması xoş hadisə idi. Hətta nahar zamanı belə bizimlə ünsiyyətini davam etdirirdi”.

Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri, AKŞ-nin Sidneydəki əlaqələndiricisi Elxan Məmmədov hesab edir ki, ümumiyyətlə, yeni təşkilatın yaradılması irəliyə doğru bir addımdır: “Hesab edirəm ki, AKŞ-nin yaradılması, əlaqələndiricilərin seçilməsi Azərbaycan dövləti ilə icmamızın əlaqələrinin möhkəmlənməsinə və təşkilatlanmanın gücləndiriməsinə gətirib çıxara bilər. AKŞ əlaqələndiricilərinin işi barədə təlimatların hazırlanması vacib məsələdir”.

Assosiasiya sədri qeyd edib ki, görüş zamanı icmanı maraqlandıran bütün əsas məsələlər – Azərbaycan dilinin tədrisi, Sidneydə rəqs qrupunun təşkil edilməsi, cəmiyyət üzvlərinə hüquqi yardım xidmətinin göstərilməsi, Sidneydə Azərbaycan Evinin yaradılması və s. barədə ətraflı şəkildə danışılıb.

E.Məmmədov da Komitə sədrinin səfərini çox müsbət və məhsuldar qiymətləndirib: “Uzun yolu qət edib buraya gəlməsi Azərbaycan dövlətinin Avstraliyada yaşayan və fəaliyyət göstərən həmvətənlərimizə hörmətinin və böyük qiymət verməsinin göstəricisidir. Demək olar ki, hamı bu fikirdədir. Hər kəs gördü ki, Azərbaycan dövləti dünyanın ən uzaq ölkəsində yaşayan azərbaycanlılara yüksək qiymət verir və onların arxasında durmağa hazırdır. Bu səfər xüsusilə də bizim güneyli soydaşlarımıza çox yaxşı təsir edib və onları ruhlandırıb. Gələcəkdə belə səfərlərin çox olmasına ümid edirik”.

Viktoriya Azərbaycan Mədəniyyət Mərkəzinin fəal üzvü, AKŞ-nin Melburndakı əlaqələndiricisi Rauf Şükürov bildirib ki, yeni təşkilatın yaradılmasının icmanın fəaliyyətinə müsbət təsir göstərəcəyini gözləyirlər. Çünki AKŞ icmalararası birliyə, onların əlaqəli şəkildə fəaliyyət göstərməsinə gətirib çıxara, təcrübə mübadiləsinin aparılmasına, yeni ideyaların yaranmasına və həyata keçirilməsinə təkan verə bilər: “Avstraliyada Azərbaycan icmasının birliyinə daha çox ehtiyacımız var. Layihələr üzərində çalışarkən insan resurslarının çatışmazlığı ilə qarşılaşmalı oluruq. Bütün ağırlıq bir-iki nəfərin üzərinə düşür. Biz icmanın vahidliyinə nail olmaqla bütün layihələri həyata keçirmək əzminə nail ola bilərik”.

O qeyd edib ki, Komitə sədrinin Avstraliyaya səfəri Azərbaycan icması tərəfindən çox pozitiv qarşılanıb: “Bu, görüş zamanı da hiss olunurdu. Məhz görüş nəticəsində uzaqdan gələn və indiyədək bir-biri ilə canlı ünsiyyətdə olmayan soydaşlarımız tanış olmaq imkanı qazandılar. İcmamız bu səfəri və görüşü Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizə maraq göstərməsi kimi qiymətləndirdi”.

Sidney Texnoligiya Universitetinin professoru Şəmsəddin Nejadi də hesab edir ki, AKŞ-nin yaradılması icmadakı fərqli düşüncəli insanların bir araya gətirilməsinə, birləşdirilməsinə və gücləndirilməsinə səbəb olacaq. Onun fikrincə, Komitə sədrinin Avstraliyaya səfəri, quzeyli-güneyli azərbaycanlıları bir araya gətirməsi Azərbaycan dövlətinin soydaşlarımıza sahib çıxması kimi dəyərləndirilə bilər: “Biz Komitə nümayəndələrinin Avstraliyaya tez-tez səfər etməsini istərdik. Bu halda Avstraliyanın yerli ictimaiyyəti bizim tək olmadığımızı və arxamızda Azərbaycan dövlətinin dayandığını hiss edəcək. Bu səfərlə böyük addım atılıb, icmanı birləşdirmək hədəfi gerçəkləşdirilib. Görüşdən sonra hər kəsin bu səfərlə və tədbirlə bağlı fikirləri yalnız pozitiv idi. Biz bu prosesin davamı olmasını arzu edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti