Bakı. Trend:
Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması ilə bağlı İran tərəfinə etimadımız yoxdur.
Trend-in məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur. Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bu gün isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.
Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.