Bakı. Trend:
Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam
Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında
telefon danışığı olub.
Baş Prokurorluğun Mətbuat xidmtindən Trend-ə verilən məlumata görə,
İranın Baş prokuror Montazeri yanvarın 27-də ölkəmizin Tehrandakı
Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf
hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin
ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru
azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı
haqqında ətraflı məlumatlandırıb.
Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı
törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq
qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının
diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam
və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən
edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının
törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini
vurğulayıb.
Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və
qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair
razılıq əldə ediblər.