...

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır - Səttar Möhbalıyev

Siyasət Materials 3 Mart 2023 12:30 (UTC +04:00)
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır - Səttar Möhbalıyev

Bakı. Trend:

“Uzun illərdir Azərbaycan siyasi, iqtisadi və digər mövzularda beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınır. Son illərin tarixi də göstərir ki, ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal layihələrin müzakirə olunduğu toplantılara evsahibliyi edib. Artıq bu sahədə böyük təcrübə əldə edən ölkəmiz belə tədbirləri ən yüksək səviyyədə böyük peşəkarlıqla təşkil edir. Bakı bu ərəfələr də xeyli qonaqlı-qaralıdır. Paytaxtımızda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Görüşədə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, 3 ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıblar. Tədbirə diqqətin bu qədər yüksək olması müzakirə olunan mövzunun aktuallığı ilə yanaşı, Azərbaycanın dünyada artan nüfuzu, həmçinin Hərəkata uğurla rəhbərlik etməsidir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunduğu kimi, təşkilat hazırda Azərbaycanın sədrliyi ilə böyük inkişaf yolu tutub, nüfuzu dünyada durmadan artır və qlobal proseslərə təsir imkanları yüksəlir. Məlumdur ki, bütün dünyada tüğyan edən, minlərlə insanın ölümünə səbəb olan, ağır sosial-iqtisadi fəsadlara yol açan pandemiya dönəmində Hərəkatın sədri olaraq Azərbaycan öz işinə böyük məsuliyyətlə və peşəkarcasına yanaşaraq real vəziyyətə operativ və adekvat reaksiya verdi, qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər yüksək səviyyədə dəstəkləndi. Bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə Hərəkatın COVID-19-a qarşı mübarizə mövzusunda onlayn sammiti keçirildi, BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil edildi. Həmçinin ölkəmizin təklifi ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Bu qeyd etdiklərim bir daha təsdiqləyir ki, Hərəkat dünyada böyük söz sahibinə çevrilməkdədir. Bu da, təbii ki, ölkəmizin peşəkar rəhbərliyinin təzahürüdür”, - S.Möhbalıyev ifadə edib.

AHİK sədri bildirib ki, Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu: “Beynəlxalq siyasətin dərin bilicisi olan dövlətimizin başçısı diplomatik ustalıqla dünyanı narahat edən məsələləri gündəmə gətirdi. Vacib məqamlardan biri formalaşmaqda olan yeni dünya düzəni fonunda beynəlxalq hüququn norma və prinsiplərinin təsir imkanlarının zəifləməsidir. Beynəlxalq qurumların qəbul etdiyi qərarlara laqeyd münasibət, tətbiq olunan ikili standartlar dünyada sülhü və təhlükəsizliyi təhdid edən faktorlardan biridir. Bu gün dünyada ağır böhrana səbəb olan müharibələr mövcuddur, ərazi iddiaları daha da artıb. Bütün bu və digər bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün mütləq beynəlxalq təşkilatlar fəaliyyətlərini təkmilləşdirməli, dünya dövlətləri məsuliyyətlərini artırmalıdır”.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev BMT ilə bağlı çox mühüm olan fikirlərini səsləndirdi və bu, dünya üçün son dərəcə önəmli və ədalətli təkliflərdir: “Həqiqətən də, indiki reallığın tələbinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə çox ehtiyac var, bu, ədalətli addım olardı. Biz görürük ki, BMT dünyada yaşanan gərginliyin azaldılması istiqamətində elə də bir iş görə bilmir. Yeri gəlmişkən, xatırladım ki, keçmiş Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi uzun ilər kağız üzərində qaldı, bunun icrası üçün işğalçıya heç bir təziyiq göstərilmədi. Təbii ki, yaşanan bu cür hallar dünyanın ən böyük təşkilatına olan etimadı aşağı salır. Ona görə də bu kimi hallar qurumda köklü islahatları labüd edir”.

“Prezident İlham Əliyev Ermənistan işğalından azad olunan Şərqi Zəngəzur və Qarabağdakı vəziyyət barədə də iştirakçılara məlumat verdi və bir daha törədilən vandal aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Təbii ki, bu da üzv dövlətlərin bundan sonra da ədalətli yanaşma sərgiləməsi üçün vacibdir. Dünya bilməlidir ki, Azərbaycan işğalın acı nəticələrini aradan qaldırmaq üçün səylə çalışır, yeni şəhərlər, kəndlər salır. Hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən gələn hər şeyi edir. Özü də təkbaşına, heç bir kənar yardım olmadan. Həm də dövlətimizin başçısının səsləndirdiyi kimi, Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələrdəndir. Təkcə 2020-ci ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu da bu cür problemdən əziyyət çəkir. Buna görə də Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ilə bağlı təklifi son dərəcə vacib amildir”, - Səttar Möhbalıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti