...

Paşinyan olduğundan ağıllı görünmək istədi, alınmadı

Siyasət Analytics 29 Mart 2023 17:00 (UTC +04:00)
Paşinyan olduğundan ağıllı görünmək istədi, alınmadı
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə münasibətlərini ifrat gərginlik həddinə çatdırmış Ermənistan indi çıxış yolları aramağa çalışır, müxtəlif bəraətlər və yalanlarla özünə haqq qazandırmaq istəyir. Lakin Kreml Paşinyanı bağışlamaq fikrində deyil.

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyəti ilə bağlı Roma statutunu (Rome Statute of the International Criminal Court) ratifikasiya etməyə hazırlaşan Ermənistan bu addımı atarsa, Rusiya Federasiyası (RF) ilə münasibətləri ifrat dərəcədə gərginləşəcək.

BCM-in obyektivlikdən və məntiqdən çox uzaq qərarlar qəbul etməsi ilk dəfə deyil.

Laçın-Gorus yolunda guya "blokada" olması və Azərbaycanın da bu "maneə"ni dərhal ləğv etməsi ilə bağlı qərar qəbul etmiş BCM-in bu dəfə Moskvaya aşkar təzyiq etmək niyyətilə hüquqi demarş etməsi bəllidir.

Ermənisianın həmin demarşa qoşulması, təbii ki, son vaxtlar rəsmi İrəvanın kollaborasizm dolu xarici siyasətindən narazı qalan Rusiyanın səbr kasasını daşdıra bilər.

Rəsmi İrəvana Moskvadan xəbərdarlıq messicləri son günlərədək sosial şəbəkələrdəki profillər, siyasətçilərin, ekspertlərin və analitiklərin şərhləri, habelə, açıqlamaları vasitəsilə çatdırılırdısa, indi diplomatik kanallar işə salınıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına qarşı yeni, bu dəfə yetərincə riskli və təhlükəli siyasi ekvilibristikaya başlayıb.

Həmişəki kimi, o, təmaslarda olduğu tərəflərin hamısını aldadaraq məqsədinə çatacağını düşünürdü.

Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı İrəvanın mövqeyi Paşinyanın çoxgedişli taktikasının tərkib hissəsidir.

Onun yaxın və orta perspektivdəki məqsədlərinin məcmusu budur:

1. Rusiya Federasiyasından siyasi, hərbi, iqtisadi, maliyyə və s. müstəvilərdə tam asılılıqdan qurtulmaq

2. ABŞ və Avropa İttifaqı ilə münasibətləri yeniləyərək Qərbi "səmimi hisslərə və qətiyyət"ə inandırmaq

3. Rusiya və Qərb arasında siyasi barraj vurmaqla yanaşı, Fransa və İranla da münasibətləri aktivləşdirmək, BMC amilindən Paris-Tehran marşrutunda alver vasitəsi qismində yararlanmaq.

Lakin bu məqsədlərin heç birini reallaşdırmaq imkanlarına malik olmayan N.Paşinyan böyük güclərlə manipulyasiyalarının cavabsız qalacağını düşünübsə, yanılıb.

BCM-in fəaliyyəti ilə bağlı Roma statutu 1998-cri ilin iyulun 17-də İtaliyanın paytaxtı Romada keçirilmiş diplomatik konfransda qəbul edilib, 2002-ci ilin iyulun 1-də qüvvəyə minib. Sənəd bir sıra məqamlarla yanaşı, BCM-in səlahiyyətlərini və strukturunu da müəyyənləşdirir.

Statutu 137 dövlət imzalasa da, 123 ölkə ratifikasiya edib.

Laçın-Gorus yolunda Azərbaycan QHT və vətəndaş cəmiyyəti mənsublarının keçirdikləri dinc aksiyanı "blokada" qismində tövsif edən, Bakıya "dərhal blokadanı dayandırın, yolu açın" ultimatumu ünvanlayan Beynəlxalq Cinayət Məhkəməsi məntiqsiz, əsassız sənədin icrasını tələb etməklə təmsil etdiyi beynəlxalq hüquqla yanaşı, ədalət və reallıq nəsnələrini də tapdalamışdı.

Haaqada yerləşən BCM-in hüquqi nonsens kimi dəyərləndirilə biləcək qərarı yalnız Azərbaycanla bağlı deyil.

ABŞ-yə qarşı bu strukturun inadkarcasına ifrat subyektivizm və qərəz nümayiş etdirməsi adi hal aldığından rəsmi Vaşinqton BCM-in qərarlarını adi kağız parçası saydığını bəyan edib.

Birləşmiş Ştatlar BCM-ni "faktiki ölü qurum, beynəlxalq hüququn antonimi və subyektivizmin rudimenti" adlandırıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun BCM ilə bağlı dediklərini xatırlayaq: "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etmək niyyətində deyilik. Bu quruma yardım etməyəcəyik və təbii ki, ona qoşulmayacağıq. Biz ona öz əcəli ilə ölməyə imkan verəcəyik. Bizim üçün Beynəlxalq Cinayət Məhkəməsi faktiki ölüdür".

Vaşinqtonla BCM arasında gərginlik o həddə çatıb ki, amerikalılar sözügedən təşkilatın hakimlərinə və prokurorlarına ABŞ ərazisinə girişi yasaqlamaqdan, onların aktivlərinə həbs qoymaqdan, hətta Birləşmiş Ştatların mövcud qanunvericiliyinə uyğun olaraq onları məhkəmə təqibinə məruz qoymaq perspektivinin gerçəkləşə biləcəyindən bəhs edirlər.

Vaşinqton üçün BCM faktiki olaraq ABŞ-nin dövlət suverenliyini və məhkəmə hakimiyyətinin primatını şübhə altına alan qurum olduğundan amerikalılar Haaqadakı həmin məhkəməni tanımırlar, tanımaq da istəmirlər.

Azərbaycan üçün də ölkəmizin siyasi-hüquqi paradiqması beynəlxalq hüquqdan daha önəmlidir.

Ermənistan isə real suveren, müstəqil və sərbəst xarici siyasət yürüdən ölkə olmadığından Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə bağlı Roma statutunun ratifikasiyasını siyasi alver predmetinə çevirib.

İrəvanın statutla bağlı çırpınmaları maraqlı prosesdir.

Çünki BCM azad və suveren ölkələr üçün yox, suverenliyini itirərək haminin və ya hamilərin idarəetməsində olan dövlətlər üçündür. Roma nizamnaməsini tanıyaraq ratifikasiya edən ölkə avtomatik olaraq BCM-in onu mühakimə etmək hüqununu tanıyır, öz hüquqlarından könüllü vaz keçir.

Nikol Paşinyanın komandasındakı fiqurlar fasiləsiz olaraq bəyan edirlər ki, "Ermənistanın Roma statutunu ratifikasiya etməsi Azərbaycana qarşı BCM-də iddialar qaldırmaq üçündür: bu qərarın BCM-in Rusiya ilə bağlı mövqeyi ilə heç bir əlaqəsi yoxdur".

Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunu təsdiqləyib, qərar dərhal qüvvəyə minib.

İrəvanın qərarı Moskvada ciddi narazılıq yaradıb və Nikol Paşinyan da bunu asanlıqla təxminləmişdi.

Onun məqsədi Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), Avrasiya İqtisadi Birliyini və Gömrük İttifaqını tərk etməsinə, Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasına nail olmaqdır.

Bu isə, etiraf edək ki, yaxın illərdə mümkünsüz məsələdir.

Rusiya onunla belə primitiv oyunlara başlayanları bağışlamır.

Əslində, düz də edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti