...

Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və əhəmiyyəti var - Afət Həsənova

Siyasət Materials 2 Aprel 2023 11:11 (UTC +04:00)
Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və əhəmiyyəti var - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və əhəmiyyəti var. Məhz bu döyüşlərdə əldə olunan qələbə 44 günlük Vətən müharibəsində tarixi Zəfərin başlanğıcı oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, bu döyüşlər həm strateji, həm də mənəvi-psixoloji baxımdan Azərbaycana böyük üstünlük qazandırdı.

“Azərbaycan ordusu bu döyüşlər nəticəsində bir sıra mühüm yüksəklikləri və əraziləri düşməndən azad etdi. Belə ki, döyüşlər Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu.

Düşmənin əks hücuma keçmə cəhdləri də uğursuz oldu, qüdrətli ordumuz tərəfindən düşmənin qarşısı alınaraq böyük itkilərə məruz qoyuldu. Yayılan məlumatlara görə, bu döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bütün bunlar Ermənistan ordusuna ağır zərbə oldu”, - deyə deputat bildirib.

O qeyd edib ki, aprel döyüşlərində Azərbaycan düşmən üzərində hərbi qələbə ilə yanaşı böyük mənəvi-psixoloji qələbə də qazandı. Aprel qələbəsi ilə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Ermənistan hakimiyyəti xalqı öz ordularının məğlubedilməz olduğuna “inandırmışdı”. Lakin aprel döyüşləri bu yalanı ifşa etdi, erməni ordusunun əslində qorxaq və zəif olduğunu üzə çıxardı”, - deyə A.Həsənova qeyd edib.

O bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının öz liderinə, ordusuna inamnı, torpaqlarımızın işğaldan azad olunacağına əminliyini daha da artırdı.

“Və nəhayət 44 günlük Vətən müharibəsində bu inam və əminlik özünü doğruldu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu öz torpaqlarını erməni işğalından azad etdi. Aprel döyüşləri Ermənistana dərs olmadı və nəticədə Ermənistan daha ağır və acı məğlubiyyətlə üzləşməli oldu.

Azərbaycan hər zaman bəyan edirdi ki, öz torpaqlarının işğalı ilə barışmayacaq və istər sülh, istərsə də hərb yolu ilə bu işğala son qoyacaq. Ermənistan və eləcə də münaqişənin həllində vasitəçi olanlar aprel döyüşlərindən nəticə çıxarmalı və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli idi. Ancaq Azərbaycan münaqişəni özü həll etdi və ərazi bütövlüyünü öz gücünə bərpa etdi”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti