Bakı. Trend:
İran İslam Respublikasını idarə edən klerikal rejim kəşfiyyat və əks-kəşfiyyat, habelə hərbi və yarımhərbi (paramilitar) təşkilatlarından tam istifadə edərək bölgədə "lider" mövqe tutmaq üçün terror aktları, sui-qəsdlər, diversiyalar və s.-dən geniş istifadə edir. Tehrandakı teokratik hakimiyyət bunu "geosiyasi mübarizə vasitəsi" kimi qələmə verir...
28 mart 2023-cü il. Yunanıstan polisi İsrail vətəndaşlarına, habelə ölkənin yəhudi sakinlərinə sui-qəsdlər etməyə və Afinadakı yəhudi restoranını partlatmağa hazırlaşan iki nəfəri həbs edir. 27 və 29 yaşlarında olan bu şəxslər İranda doğulsalar da, Pakistan vətəndaşları idilər. Teraktları planlaşdıran üçüncü şəxs axtarışdadır. Onlar Azərbaycandan İrana qaçaraq orada terror hazırlığı keçən azərbaycanlılardan ibarət "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Hərəkatı" adlı terror qruplaşmanın üzvü Orxan Əsədovdan təlimatlar alıblar.
Bu ilin yanvarın 27-də isə ABŞ-ın Nyu-York şəhərində üç nəfər həbs olunur. Onlar Tehrandakı mollakratiya rejiminin ən məşhur tənqidçilərindən və İran müxalifətinin liderlərindən biri Məsiha Əlinejadı şəhərin Bruklin səmtində qətlə yetirməyə hazırlaşırdılar.
Azərbaycanlılar Rüfət Əmirov, Polad Ömərov və Xalid Mehdiyev İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (“Sepahe Pasdarane Enqelabe İslami", SEPAH) Kəşfiyyat Xidməti tərəfindən verbovka olunmuş agentlərdi.
Adları çəkilən şəxslərin hər birini orta hesabla 40-45 illik həbs cəzası gözləyir.
21 fevral 2023-cü il. İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin ("Xa Mosad le Modiin ul tafkidim meyuxadim", "Mossad") Tanzaniyada həyata keçirdiyi əməliyyat nəticəsində "Həmid Salari" ləqəbli Həmidrza Məhəmməd Əbrah ələ keçirilib. SEPAH-ın "Əl Qüds" korpusunun zabiti olan bu şəxs Tanzaniyada, habelə Afrikanın digər ölkələrində İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və Azərbaycana məxsus şirkətlərlə obyektlərə terror hücumları planlaşdırırdı. O, hücumların reallaşdırılması üçün yerli vətəndaşlardan bir neçəsini verbovka edərək şəbəkə də yaratmışdı.
... 1979-cu ildə İranda "İslam İnqilabı" nəticəsində Pəhləvi xanədanı devriləndən sonra Tehrandakı rejim "düşmən" elan etdiyi şəxsləri 4 qitədə - Asiyada, Avropada, Şimali və Cənubi Amerikalarda xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirib.
Təxmini hesablamalara görə, son 44 il ərzində Tehran mollakratiyası xarici ölkədərdə 47 "düşmən"ini öldürüb. Təqribən 980 nəfərsə Tehranın xüsusi xidmət strukturlarının hazırladıqları və əmr verərək "tapşırığa" yolladıqları terrorçuların diplomatik, hərbi, mədəniyyət və s. yönümlü obyektlərdə törətdikləri partlayışlar nəticəsində həlak olub.
Mollakratiyanın xarici ölkələrdə son 44 ildəki hədəflərinin təsnifatı belədir:
20 nəfər iranlı müxalifətçi
25 nəfər yəhudi və ya İsrail vətəndaşı
22 Qərb ölkələrinə məxsus hədəflər
7 ərəb ölkələrinə məxsus hədəflər
... Terrorizm İranın xarici siyasətinin ən önəmli və fasiləsiz istifadə edilən, Tehran rejimi üçün çox əhəmiyyətli vasitələrdən biridir. Klerikal rejim terrordan "milli və dövlət maraqlarının müdafiəsi" ilə yanaşı, "İslam İnqilabı" idefiksinin ixracı və yayılması üçün istifadə edir.
Tehranın hazırladığı və həyata keçirdiyi teraktların tam əksəriyyəti SEPAH-ın xarici ölkələrdəki əməliyyatlara məsul olan "Əl Qüds" korpusu tərəfindən həyata keçirilir. Bu zaman "Əl Qüds" ya yaratdığı, ya maliyyələşdirdiyi, ya da ciddi təsir və təzyiq imkanlarına malik olduğu müxtəlif terrorçu, ekstremist və psevdosiyasi qruplaşmalardan istifadə edir.
Məsələn, 1983-cü ildə Livanın paytaxtı Beyrutdakı diskoteka-restoranın "Hizbullah" mənsubları olan "canlı bomba"lar tərəfindən partladılması nəticəsində 241 amerikalı dəniz piyadası həlak olmuşdu.
Hazırda İranın Xarici İşlər Nazirliyi də faktiki olaraq SEPAH-ın nəzarətindədir. Bəzi ölkələrdə və bölgələrdə, habelə situasiyalarda isə SEPAH bütünlüklə İranın XİN-ni əvəzləyir.
İranın Xarici İşlər Nazirliyinin "210-cu şöbə" adlanan, əməkdaşlarının sayı dövlət sirri sayılan departamenti ölkə xaricində teraktların və siyasi qətllərin, habelə ən müxtəlif məzmunla səpkidə siyasi aksiyaların hazırlanmasında aktiv iştirak edir.
Belə hallarda "210-cu şöbə" fəaliyyətini İranın Kəşfiyyat və İnformasiya Nazirliyi, habelə SEPAH-la razılaşdırılmıh halda gerçəkləşdirir.
Bəzi məlumatlara görə, İranın kəşfiyyat naziri İsmayıl Xətibin 2 əməkdaşı "210-cu şöbə"də çalışır.
İran XİN-nin də hazırlanıb gerçəkləşdirilməsində birbaşa iştirak etdiyi və Azərbaycana qarşı yönəlmiş aksiyalara misal olaraq Nigeriyanın paytaxtı Abucadakı Milli Məscidin qarşısında hazırda həbsdə olan Hacı Taleh Bağırova dəstək mitinqini göstərmək olar. İrandan idarə olunmuş "Müsəlman Birliyi Hərəkatı"nın yaradıcısı və "rəhbər"i T.Bağırovun fotolarının əllərdə tutulduğu bu mitinqi Tehrandan alınmış göstəriş əsasında Nigeriya Müsəlman Hərəkatları Akademik Forumunun milli katibi Abdulla Musa təşkil etmişdi.
Xatırladaq ki, İrandakı sabiq şah xanədanının son baş naziri olmuqş Şapur Bəxtiyar Parisdə 1991-ci ildə, evinin önündə ik şəxs tərəfindən güllələnərk qətlə yetirilmişdi. Bu qatillərə "biznesmen" qismində saxta ad və soyadla pasportların verilməsi prosedurunu məhz İran XİN-i etmişdi.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltona qarşı sui-qəsdin həyata keçirilməsi əməliyyatına rəhbərlik edən şəxs də - "təsadüf"ə baxın - İran XİN-nin əməkdaşı, əslində SEPAH zabiti olan Şəhram Pursəfi idi.
Boltonla yanaşı, həmin dönəmdə ABŞ-ın dövlət katibi postunu tutan Mayk Pompeo və müdafiə naziri Mark Esperin də terakt nəticəsində qətli hazırlanmışdı.
... Tehrandakı mollakratiya rejiminin xarici ölkələrdə sui-qəsdlər, terror aktları, diversiyalar və hücumları 1979-cu ilin dekabrın 7-də başlanıb.
İranın son şahı Məhəmməd Rzanın əkiz bacısı şahzadə Əşrəfin oğlu, İran Hərbi-Dəniz Qüvvələrinin sabiq kapitanı 34 yaşlı Şəhriyar Şafiq Parisdəki "Rue de la Villa Dupont" küçəsində, anasının evinin qarşısında qətlə yetirildi. O, sinəsindn və başından iki güllə yarası almışdı.
İranda "Edam hakimi" kimi ad çıxarmış ayətulla Sadiq Xalxali üç gün sonra bəyan edəcəkdi: "Şəhriyar Şafiqi biz qətlə yetirdik. Daha doğrusu, onu İranın "İslam Fədailəri" cəzalandırdılar. Cəzalar bundan sonra da davam edəcək".
Belə də oldu.
İran Azadlıq Fondunun prezidenti Əli Əkbər Təbatai, İran Kürdüstanı Demokratik Partiyasının sədri Əbdül Rəhman Qasımlu, "Mücahiddini Xalq"ın mətbuat katibi Kazım Rəcavi, sabiq baş nazir Şapur Bəxtiyar, kürd siyasətçi Sadiq Şərəfqəndi, müxalifətçi Zəhra Rəcəbi, müxalif siyasətçi Cəmşid Şərməhd, səudi diplomat Həssən əl Kəhtani, siyasətçi Məhəmməd Rza Kəlahi-Səmədi, müxalifətçi Əhməd Molla Nissi, müxalifətçi Həbib Cabbar, siyasətçi Məsud Mövləvi Vərdəncani və s. - onların hamısı İranın xüsusi xidmət strukturlarının sifarişi və birbaşa iştirakı ilə qətlə yetirilmiş şəxslərdir.
Tehrandakı klerikal rejimin hədəfləri arasında Azərbaycan da olub, indi də belədir. SEPAH, "Əl Qüds" və İranın Kəşfiyyat Nazirliyinin xüsusi diqqət obyektisə İsrailin Azərbaycandakı səfirliyidir.
2008-ci ilin mayında SEPAH-ın Azərbaycanda yaratdığı və idarə etdiyi "Hizbullah" qruplaşmasının mənsubları İsrailin Bakıdakı səfirliyinin önündə partladıcı qurğu qoyulmuş avtomobili partlatmalı idi. Az sonra isə ABŞ və Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirliklərinin qarşısında analoji teraktlar törədilməliydi.
Qruplaşmanın 22 üzvü yaxalandı və onlar verdikləri ifadələrdə etiraf etdilər ki, İranda xüsusi hazırlıq keçərək tapşırıqlar alıblar.
4 il sonra, 2012-ci ilin yanvarın 25-i. İsrailin həminr dönəmdə Azərbaycandakı səfiri Mixael Lavon-Lotemi və daha bir neçə israillini hədəfə alır.
SEPAH-ın iştirakı ilə İran kəşfiyyatının verbovka etdiyi Balaqardaş Dadaşov üç nəfərə demişdi ki, onlar Bakıdakı "Habad" mərkəzində rebeni və onun həyat yoldaşını qətlə yetirsələr, 150 min dollar alacaqlar. Bu teraktı gerçəkləşdirmək üçün İrandan Bakıya səsboğuculu snayper tüfəngi, tapançalar, plastik partladıcı da göndərilmişdi.
2012-ci ilin martn 14-ü. SEPAH İsrailin Azərbaycandakı səfirliyinə, habelə BP korporasiyasının Bakıdakı nümayəndəliyinə qarşı terror aktları hazırlayır. Teraktların qarşısı alınır, İranın verbovka etdiyi 22 nəfər tutulur. Onların evlərində axtarışlar aparılarkən snayper tüfəngləri, "Kalaşnikov" avtomatları, tapançalar, əl qumbaraları, detonatorlar, casusluq üçün xüsusi vasitələr və avadanlıqlar aşkarlanır.
... Tehran mollakratiyasının xarici ölkələrdəki "cəza aksiyaları"nın, yəni terror aktlarının, sui-qəsdlərinin, qətllərinin və s.-nin arxasında əksər hallarda üç struktur durur.
Onlar SEPAH-ın tərkibindəki "Əl Qüds" korpusu, "840-cı dəstə" adlanan qayət məxfi qruplaşma və İran Xarici İşlər Nazirliyindəki "210-cu şöbə"dir.
Sadalanan strukturlar yaratdıqları və idarə etdikləri "Hizbullah", HƏMAS, "Əl Sabirin", "Ləşkəri-Zeynəb", "Fatimiyyun", "Qətaib Hizbullah", "Əsaib Əhl əl Haq", "Ləşkəri Məhdi əbu Dəraa", "Hərəkat əl Şeybani", "Qətaib Seyid əl Şühəda", "Hərəkət əl Nucab", "Səraya əl Cihad", "Ləşkəri Əbu əl Fəzl əl Abbas", "Cündül Muztara", "Liva Əbul Fədl əl Abbas", "Ceyş əl Müəmməl", "Əl Həşd əl Vətəniyyə", "Liva Əli əl Əkbər", "Liva Əhrar əl İraq", "Hüseyniyyun", "Əl Həşd əş Şaabi", "Səraya əl Xorasan", "Ləşkəri-Aşura" və daha 26 qruplaşma, hərəkat, dəstə vasitəsilə xarici ölkələrdə proksi-savaşlar aparır, teraktlar törədir və ya törətməyə çalışırlar.
"Əl Qüds", 210 və 840-ün birgə hazırladıqları, həyata keçirməyə çalışdıqları terror aktları ilə sui-qəsdlərin siyahısı çox uzundur. Dörd qitədə onlarla terakt cəhdi və teraktlar, qəsdlər, qətllər, müxalifətçilərin və mühacirətdəki siyasətçilərin oğurlanaraq Tehrana aparılması, verbovkalar, "yatmış hücrə"lərdən ibarət casus və agentura şəbəkələrinin yaradılması - bütün bunlar Tehran rejiminin fəaliyyətidir.
İranda çox ağır iqtisadi vəziyyət, fəlakət halını almış maliyyə problemləri, həndəsi silsilə ilə artan işsizlik, səngimək bilməyən hiperinflyasiya, Qərbin tətbiq etdiyi sanksiyaların fasiləsiz ağırlaşaraq güclənməsinin yaratdığı çətinliklərə rəğməq Tehran rejimi xarici ölkələrdəki teraktlara və sui-qəsdlərə, habelə kontrolunda olan terrorçu və ekstremist qruplaşmalara maliyyə dəstəyini azaltmır.
Belə ki, ötən il İranın dövlət büdcəsindən, həmçinin ölkənin ali dini rəhbəri ayətulla Seyid Əli Xameneinin qapalı fondundan sözügedən məqsədlərə 6,42 milyard ABŞ dolları ayrılmışdsa, bu il həmin rəqəmin 8,42 milyard dollara çatacağı təxminlənir.
Bəhs olunan maliyyə vəsaitinin xarici ölkələrdəki müxtəlif qruplaşmalar və hərəkatlar arasında paylaşdırılmasına SEPAH-ın "Əl Qüds" korpusu ilə "İqtisadi informasiya və təhlükəsizlik təşkilatı" adlı strukturu nəzarət edir. Adı çəkilən strukturlar fəaliyyətləri ilə bağlı bilavasitə SEPAH-ın kəşfiyyat xidmətinin rəisinə, habelə SEPAH komandanı general-leytenant ("sərləşkər-pəsdar") Hüseyn Səlimiyə hesabat verirlər.
Bundan başqa, ali dini rəhbər ayətullah Xameneinin birbaşa göstərişi ilə yaradılaraq, yalnız ona tabe olan "Kəşfiyyatın Tənzimlərməsi və İdarə edilməsi Şurası"na daxil olan 16 struktur da bəhs etdiyimiz fəaliyyətlə məşğuldur.
... Kəşfiyyat, əks-kəşfiyyat, casus və agentura şəbəkələrinin yaradılması, qəsdlər və hücumlar - bunları az qala bütün ölkələrin müvafiq təşkilatları edir. Fəqət Tehran rejimi başqa sahələrdə olduğu kimi, bu müstəvidə də bütün yazılmış və yazılmamış qaydalarla qanunları pozur, hədləri keçir, əndazədən çıxan əməlləri gerçəkləşdirir və ya reallaşdırmağa çalışır.
Təbii ki, bütün region üçün böyük təhlükə yaradaraq...