...

Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb - Rauf Əliyev

Siyasət Materials 7 Aprel 2023 09:49 (UTC +04:00)
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb - Rauf Əliyev

Bakı. Trend:

11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisində Azərbaycan xalqı öz Prezidentinə və iqtidarına inamını və güvənini bir daha rəsmiləşdirərək cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan respublikasının Prezidenti seçdilər. Xalqımız bir daha sürətli hərtərəfli inkişafa, sabitliyə, uğurlu daxili və xarici siyasətə səs verdi. Xalqımız Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, ölkəmizin dinamik inkişafını, uğurlu daxili və xarici siyasətini müəyyənləşdirən və həyata keçirilməsini təmin edən Liderinə, onun hərtərəfli düşünülmüş müdrik siyasətinə səs verdi.

2003-cü ildən başlayaraq cənab Prezident tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirilərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Əlbətdə bu uğurların başında Azərbaycan Prspublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən böyük tarixi qələbədir. Bu qələbə ümumilikdə azərbaycan xalqının, lider-xalq, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi.

Cənab Prezident 11.04.2018-ci il tarixdə andiçmə mərasimindəki çıxışında demişdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”

Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği 3,2 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2023-ci ildə 246 manata çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Sərəncamla minimum aylıq əmək haqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əmək haqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri -19 pillə üzrə əmək haqlarının artırılması təmin olunur. Əmək haqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq.

Bu il pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat çoxdur. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub ki, bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir.

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün atılan zəruri və məqsədyönlü addımların əhəmiyyəti daha da artır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,həm daxili həm xarici siyasət, 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar , sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti