...

Bu gün Azərbaycan Türkiyə münasibətləri tarixdə olmadığı qədər inkişaf edib - Sevinc Hüseynova

Siyasət Materials 5 May 2023 14:00 (UTC +04:00)
Bu gün Azərbaycan Türkiyə münasibətləri tarixdə olmadığı qədər inkişaf edib - Sevinc Hüseynova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Türkiyə münasibətləri tarixdə olmadığı qədər inkişaf edib, möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında iki qardaş ölkə arasında münasibətlərin inkişafına toxunaraq bildirdi ki, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri regional inkişafın önəmli amilidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev bir daha Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğuladı və Şuşada keçirilən tədbirdə Azərbaycanla Türkiyə arasında Şuşada imzalanmış bəyannaməni xatırladaraq bildirdi ki, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi.

Deputat diqqətə çatıdırıb ki, Azərbaycan və Türkiyə münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən son iyirmi ildə aparılan məqsədyönlü siyasət nəticəsində yeni zirvələrə qalxıb.

“Azərbaycan-Türkiyə münasibətləri regional inkişafın sürətli bir lokomotivinə çevrilib. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri buna sübutdur”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, Şuşa bəyannaməsi iki qardaş ölkənin tarixində çox mühüm sənəddir.

“Dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır.

“Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edir”, - deyə deputat əlavə edib.

S.Hüseynova bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir çox sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti