Bakı. Trend:
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləndən sonra Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət daşıyır. Səfər zamanı iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bir çox mühüm məsələlərə münasibət bildirib və mühüm mesajlar verib. Qeyd olunub ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Bəyanatda Şuşa Bəyannaməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.
Bildirilib ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Prezident İlham Əliyev qeyd edib ki, iki qardaş ölkə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Hərbi sahadə əməkdaşlığın bundan sonra da bütün sahələrdə inkişaf etdiriləcəyi bildirilib. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cənab Prezident qeyd etmişdir ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.
Bəyanatda Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracının artmaqda olduğu bildirilib. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
Cənab Prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artacaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Bu dəhlizin işə düşməsini Azərbaycan da, Türkiyə də çox istəyirlər. Çünki bu Çindən Avropaya uzanan bir böyük meqa layihənin bir parçasıdır, şah damarıdır. Zəngəzur dəhlizi bu gün böyük güclərin diqqət mərkəzindədir. Türkiyə Azərbaycan strateji tərəfdaşlığı Zəngəzur dəhlizində də üst-üstə düşür və Türkiyə də həm regional, həm Azərbaycanla ortaq, həm də geosiyasi maraqları çərçivəsində dəhlizin açılmasına maraqlıdır. İndiki məqamda buna ən çox İran və Ermənistan mane olsa da, Türkiyənin proseslərdəki maraqları və Azərbaycana dəstəyi dəhlizin açılmasının reallaşmasını sürətləndirə bilər.
Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində aparılan işlərdən danışılarkən qeyd olunmuşdur ki, artıq danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və birgə universitetin yaranması iki ölkə arasında qardaşlıq münasibətlərinə daha bir töhfə olacaqdır.
Qeyd etmək lazımdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında dövlət səfərləri ilk sırada, ali səviyyə sayılır. Ərdoğanın məhz ilk dövlət səfərini Şimali Kiprin ardınca Azərbaycana etməsi də dövlətlərimiz arasındakı münasibətlərin ən yüksək həddinin, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsinin nümayişidir.
Milli Məclisin deputatı
Rauf Əliyev