Bakı. Trend:
Ermənistanın dünyada ən tanınmış terror təşkilatlarından olan VOMA azyaşlı erməni uşaqlarını öz aralarına cəlb etmək istiqamətində faəliyyətlərinə ara vermir. Ermənilərdən ibarət terror təşkilatı bu dəfə özlərinə məxsus sosial şəbəkə hesablarında minaların necə yerləşdirilməsinin öyrədiləcəyi ilə bağlı təlimlər üçün erməni uşaqlarını və gənclərini düşərgələrinə qoşulmağa çağırıb.
Bu terror qruplaşması yetkinlik yaşına çatmamış yeniyetmələri öz "tədbirlərinə" cəlb etməklə, onların hələ formalaşmamış fikirlərinə "miatsum" ideyalarını, Azərbaycana nifrət və nasist Qaregin Njdenin ermənilərin irqi üstünlüyü ilə bağlı sitatlarını onlara aşıqlamaqla da məşhurdur.
Ermənistanın qoşulduğu 1949-cu il Cenevrə Konvensiyası və onun 1977-ci il Əlavə Protokolları on beş yaşından kiçik uşaqların hərbi təlimlərdə iştirakını qadağan etsə də, VOMA bu qadağaya məhəl qoymur.
Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.
İkinci Qarabağ müharibəsi zamanı uşaqların Ermənistan tərəfindən birbaşa hərbi əməliyyatlara, həmçinin “VOMA”, “POGA” və “Mets Tiqran” kimi hərbi təşkilatlar tərəfindən hərbi təlimlərə cəlb edilməsi faktları ortaya çıxsa da təəssüflər olsun ki, adı çəkilən terror təşkilatlarının yürütdüyü dəst-xətt xüsusilə Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində tətbiq edilməkdədir. Lakin VoMA, POGA və digər müxtəlif erməni silahlı qrupları tərəfindən Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir ciddi reaksiyanın şahidi deyilik. Rəsmi Bakı BMT və onun ixtisaslaşmış təsisatları (UNICEF) başda olmaqla digər beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları sahəsində qlobal nüfuza malik Human Rights Watch, Amnesty International təşkilatlarının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross) məsələyə münasibət bildirərək separatçılar tərəfindən yürüdülən fəaliyyətə müdaxilə etməyə çağırsa belə, adı çəkilən qurumlar məsələyə etinzasız münasibətləri ilə yadda qalıblar.