...

Yeni müəssisələrin açılması ölkəmizin ixrac imkanlarını genişləndirir - Vüqar Rəhimzadə

Siyasət Materials 16 Avqust 2023 16:34 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri kimi diqqətdədir.

Trend xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

"2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan Prezident İlham Əliyev hədəfə çatmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün regional inkişaf proqramlarını təsdiqlədi. Regionlarla bərabər, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Dövlət Proqramının uğurlu icrası əldə olunan göstəricilərdə aydın ifadəsini tapıb.

Bu inkişaf, eyni zamanda, iqtisadiyyatın dayanıqlılığını təmin edir. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxt Bakımız, həmçinin işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır. Hazırda neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsinə yatırılan investisiyaların da həcmi artır. Ölkəmizin ixrac imkanları genişlənir. Prezident İlham Əliyev daxili tələbatımızın öz imkanlarımız hesabına ödənilməsini qarşıya mühüm vəzifə kimi qoyur.

Avqustun 15-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışı da bunun bariz nümunəsidir. Prezident İlham Əliyev istehsal prosesi ilə yaxından tanış oldu. Zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur", - o bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi əhəmiyyət verilir:

"Mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Yeni texnologiyaların tətbiqi iqtisadi inkişafın davamlılığının təmin olunmasında, Azərbaycanın yüksək sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyinin qorunmasında öz rolunu oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında ön yerlərdə qərarlaşır. Bu, ölkəmizdə inklüziv inkişafın göstəricisidir".

Baş redaktor onu da əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə ixrac məsələləri mütəşəkkil qaydada, kompleks şəkildə həll edilir:

"Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması ölkəmizdə istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması üçün yeni metod kimi sərfəlidir. Nəticə olaraq “Made in Azerbaijan” brendi dünyada tanınır və şöhrət qazanır".

Vüqar Rəhimzadə diqqəti ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələrinə yönəldib. Bildirib ki, 7 sənaye parkının və 5 sənaye məhəlləsinin mövcudluğu sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühitini yaradır:

"Ümumilikdə ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması Azərbaycanın böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Hazırda investisiyaların həcmində müşahidə olunan artım da bunun bariz nümunəsidir. O da məlumdur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, artıq investisiya yatıran ölkə kimi də tanınır.

Dövrün tələblərinə uyğun hədəflər müəyyənləşdirilərkən daim bu çağırış diqqətə çatdırılır ki, əgər inkişaf etmiş dövlətlər sırasında addımlamağı əsas məqsəd seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq mütləqdir. Bu gün Azərbaycanın inkişaf modelinin dünyaya nümunə göstərilməsi idarəçilik sistemində təkmilləşmənin təsdiqidir".

Baş redaktor qeyd edib ki, daxili tələbatın yerli istehsal hesabına ödənilməsini “Diamed” dərman istehsalı zavodunun timsalında da aydın görə bilərik:

"Zavodda 100 iş yeri yaradılıb. Bu müəssisələrin müasir tələblər səviyyəsində qurulması, avadanlıqlarla təchizatı öz növbəsində xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin inkişafında və yeni layihələrin gündəmə gətirilməsində öz sözünü deyir. Qeyd etdiyimiz kimi, daim yeniliyə, təkmilləşməyə xüsusi önəm verən ölkəmiz bütün sahələrdə qazandığı təcrübə ilə nümunədir. Azərbaycanın səhiyyə sistemində təkmilləşmə, beynəlxalq təcrübənin tətbiqi hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş “Diamed” zavodunda istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi inkişaf etmiş ölkələrdən alınıb".

Vüqar Rəhimzadə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri fonunda yaradılan müasir tələblərə cavab verən sosial obyektlərə də yönəldib.

Vurğulayıb ki, bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etməklə, həmçinin burada yaradılan müəssisələrdə istehsal olunan yerli məhsulların ixrac potensialını genişləndirməklə həm əməkdaşlıq imkanlarımız artacaq, həm də bu proses ölkəmizin dayanıqlı iqtisadi inkişafına böyük töhfələr verəcək. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilir. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Bir sözlə, reallıq budur ki, Azərbaycan hər zaman təkmil sosial-iqtisadi göstəriciləri ilə dünyanın diqqətində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti