Bakı. Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə öz ərazilərini erməni işğalından azad etməklə Ermənistanın bütün mənfur niyyətlərinə də son qoymuş oldu. Artıq Azərbaycan ərazisində "Dağlıq Qarabağ" ərazi vahidi mövcud deyil və münaqişə sona çatıb. İndi Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələni yenidən gündəmə gətirməyə cəhd etməsi onun riyakarlığını, ikiüzlülüyünü göstərir. "Dağlıq Qarabağ" məsələsinin yenidən gündəmə gətirilməsi ölünü diriltmək kimi mümkünsüz və absurd bir məsələdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkə, heç bir qurumun, o cümlədən də Ermənistanın özü qondarma "DQR"i ərazi vahidi kimi tanımayıb və 44 günlük müharibədən və Ermənistanın kapitulyasiyasından sonra bütün iddiaların üzərindən birdəfəlik xətt çəkilib.
“Ermənistan və erməni lobbisi işğal dövründə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq xülyasına qapılmışdılar. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bu mənfur planı iflasa uğratdı.
Azərbaycan hər zaman bəyan edirdi ki, heç zaman bir qarış torpağını belə güzəştə getməyəcək və heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ola bilsin ki, işğal dövründə Ermənistan nəyəsə ümid edirdi, mənfur planlarının baş tutacağı ilə bağlı xülyalar qururdu, ancaq 44 günlük müharibədən sonra yaranmış yeni reallıq fonunda Erməistanın bu xülyası ölünü diriltməyə bəznəyir ki, bu da mümkün bir şey deyil.
Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə fikirlər səsləndirir, digər tərəfdən cəfəng bəyanatlar verir. Paşinyanın son iddiaları artıq danışıqlar prosesinin sonu deməkdir və onun əsl mahiyyətini göstərir. Ancaq Paşinyan unutmamalıdır ki, “Dəmir yumruq” hər zaman yerindədir”, - deyə deputat əlavə edib.