Bakı. Trend:
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistan hər vəchlə maneçilik törədir, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşündə deyib.
Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.
Qeyd edək ki, sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
Nazir Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.