Bakı. Trend:
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar açıqlama verib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi.
Bir millət, üç dövlət anlayışı ilə Şərqi Aralıq dənizində bir türk dövləti olan Şimali Kipr Türk Respublikası bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla olan qəlb birliyimizin, dəyərlərimizin və eyni millətin ayrılmaz bir hissəsi olaraq münasibətlərimizin getdikcə artması ən böyük arzumdur.
Mən cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaqdır”,- deyə açıqlamada bildirilib.