Bakı. Trend:
Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında bildirilib.
"Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki
vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları təşkil edir.
Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə
yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin
nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və
Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində
mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan
addımların heç bir qanuni qüvvəsi yoxdur.
Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən
təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla,
bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan
Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi
səylərinə ciddi zərbədir.
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir
ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi
üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh
prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və
vəziyyəti gərginləşdirmək yolunu tutub.
Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi
daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi
və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma
prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq
öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren
ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması
Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə,
ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən
təhdidlərin qarşısını qətiyyətlə alacaqdır.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı
qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və
tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini
beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq,
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn
addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək
normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək
üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz
fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır", -deyə bəyənatda
deyilir.