Bakı. Trend:
Azərbaycan heç vaxt Qarabağdakı erməni əsilli əhalinin taleyinə biganə olmayıb.
Trend xəbər verir ki, bunu “France 24” telekanalının ərəb dilində yayımlanan proqramına müsahibəsində Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu bildirib.
O qeyd edib ki, bu məqsədlə Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq göndərilib:
“Azərbaycan hər zaman sülhə hazır olduğunu nəinki deyib, hətta bunu sübut edib. Məqsədimiz bölgədə sülh və stabilliyin olmasıdır".
R.Hafizoğlu müsahibəsində aparıcının “Dağlıq Qarabağ” ifadəsinə sərt münasibət bildirərək, “Dağlıq Qarabağ” deyə bir ərazi yoxdur, yalnız Qarabağ vardır", - deyə bildirib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. Bu gün içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.