...

Qarabağdakı erməni milli azlığı və multikultural reinteqrasiya

Siyasət Materials 11 Oktyabr 2023 13:35 (UTC +04:00)
Qarabağdakı erməni milli azlığı və multikultural reinteqrasiya

Bakı. Trend:

Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Ölkə daxilində milli azlıqların tanınması, onlara öz mədəniyyətlərini inkişaf etdirmələri üçün imkanların yaradılması bu kontekstdə vacib məsələlərdən hesab olunur.

Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasəti, o cümlədən, Azərbaycançılıq məfkurəsini əsas götürərək öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəliyi hesab edir. Təsadüfi deyildir ki, Azərbaycan dövləti Strasburq şəhərində imzalanmış Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulmuş və 2000-ci ildə müvafiq Qanun qəbul etmişdir. Bu nöqteyi nəzərdən Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 44-cü maddəsində hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ da nəzərdə tutulmuşdur.

Məhz bu baxımdan Qarabağda yaşayan erməni əsilli vətəndaşların digər dini və milli icmalar kimi birgəyaşayış dəyərlərinə mənsub olaraq mövcudiyyətləri, Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Yaxın zamanda təqdim olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyət qazanır. Qayıdış konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azərbaycanlılara qarşı deportasiya, assimiliyasiya və izolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilmişdir. Prezident İlham Əliyevin bu fikirləri Qarabağın erməni milli azlığı barəsində multikultural qarantiya məzmun və mahiyyətini daşıyır: "Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq".

Qarabağda 44 günlük Vətən müharibəsindən və19-20 sentyabr 2023-cü ildə 1 gün ərzində aparılan uğurlu antiterror əməliyyatlarından sonra sülh sazişinin yekun şəkildə bağlanmasına çox az qalıb. Belə ki, ermənilərin, Azərbaycanda yaşayan digər dini və milli icmalar kimi bərabərhüquqluluq prinsipinə müvafiq olaraq yaşamaları, buna müqabil azərbaycanlıların Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin edəcəkdir. Məhz cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və orda söylədiyi fikirlər yazımızın əsas məqamlarını təşkil edir: “ Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Son iki əsr ərzində Qərbi Azərbaycan adlanan Azərbaycanın tarixi torpaqlarında ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırım, etnik təmizləmə siyasəti aparmışdır. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimlyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır.

24 saatdan da az bir zamanda Qarabağda aparılan antiterror əməliyyatı və ondan sonra baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dövləti orada yaşayan erməni milli azlığına qarşı heç bir təhdid və təcavüzkar hərəkət həyata keçirmədi. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl öz çıxışında qeyd etdi ki, “mən Qarabağdakı mülki əhaliyə qarşı əməliyyat aparılmayacağını bilirdim”.

Qarabağdakı erməni sakinlərin rahat bir şəkildə, öz istəklərinə müvafiq olaraq ərazini tərk etmələri bütün media kanalları ilə müşahidə olundu. Buna görə də Azərbaycan dövləti, Qarabağın erməni sakinlərinin Azərbaycanın multikultural qarantiyası altında olduğunu dəfələrlə vurğulamışdır. Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycanda yaşayan digər milli-dini icma rəhbərləri də erməni milli azlığına müraciət edərək, onlara da Azərbaycan dövlətinin birgəyaşayış prinsiplərinə uyğun olaraq şərait yaradacağı əminliklə ifadə edilmişdir.

Təsadüfi deyil ki, qeyd olunan proseslərin getdiyi bir vaxtda Azərbaycan dövləti Qarabağdakı situasiyanın tənzimlənməsi üçün İşçi qrupunun yaradıldığını bəyan etmişdir. Bu İşçi qrupun əsas funksiyası Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həllini həyata keçirmək olacaqdır. Məhz Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planları qarşı tərəfə, Qarabağın erməni milli azlığının nümayəndələrinə təqdim edilmişdir.

Prezident İlham Əliyevin ümumiyyətlə Azərbaycanda yaşayan milli-dini icmalarla bağlı, birgəyaşayış prinsiplərinə müvafiq olaraq dövlət başçısı kimi multikultural qarantiya verməsi son dərəcə əhəmiyyət kəsb edir. Bu eyni zamanda real situasiyaya istinad edir. Bunun ən bariz nümunəsini son zamanlarda Qarabağda reinteqrasiya proseslərinə uyğun olaraq ordakı erməni sakinlərin Azərbaycan tərəfindən qeydiyyata alınması, onlara maddi yardımların göstərilməsi əyani sübutdur. Bu tendensiyanı eyni zamanda ərazini müşahidə edən BMT-nin xüsusi müşahidəçiləri də bəyan etdi. Bütünlükdə bu proses və xüsusilə Qarabağın erməni milli azlığının reinteqrasiyası sürətli şəkildə həyata keçirilir. Bu bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına, xüsusən milli-dini icmalara necə qayğıkeş yanaşdığını aydın şəkildə göstərir.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və multikultural mühitin stabil olması Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasını labüd edir. Artıq bu istiqamətdə yekun işlərin getdiyi müşahidə olunur. Bu, eyni zamanda gələcəkdə ciddi dialoqların qurulacağını da təmin edəcəkdir. Cənab Prezident İlham Əliyevin son çıxışlarından birində qeyd etdiyi kimi “Cənubi Qafqaz artıq rahat nəfəs almalıdır”.

Anar Osmanlı

ADU rektorunun məsləhətçisi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti