...

Prezident İlham Əliyev milli birliyimizin daha da möhkəmlənməsinin əsasını qoydu

Siyasət Materials 27 Oktyabr 2023 11:18 (UTC +04:00)
Prezident İlham Əliyev milli birliyimizin daha da möhkəmlənməsinin əsasını qoydu

Bakı. Trend:

Ölkəmizin 2003-2023-cü illəri əhatə edən 20 illik tarixi Ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqa müraciətində özünün davamçısı, həyata keçirə bilmədiklərini həyata keçirəcək varisini – İlham Əliyevi təqdim etdiyi gündən başladı. 2003-cü ilin 15 oktyabrında prezident seçilmiş İlham Əliyev ilk çıxışında Ulu öndərin siyasi xəttinə sadiq olacağını, ölkənin hərtərəfli inkişafı və qüdrətlənməsinə, sosial problemlərin həllinə istiqamətlənmiş proqramını bəyan etdi. “Mən hər bir azərbaycanlının prezidenti olacam” deyən İlham Əliyev milli birliyimizin daha da möhkəmlənməsinin əsasını qoydu. Tarix baxımdan böyük olmayan bu dövr ərzində ölkəmiz misilsiz inkişaf yolu keçdi.

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3.6 dəfə artdı, şaxələndi və neft amilindən asılılığı azaldı. Enerji sektorunda böyük layihələr uğurla həyata keçirildi. 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin dövlət siyasətinin mərkəzində həmişə vətəndaş dayandı. Sosial prooblemlərin həllinə, təhsilin, səhiyyənin inkişafına böyük diqqət yetirildi. Ordu quruculuğunda zamanın tələbinə uyğun tədbirlər görüldü. Ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün müasir, yüksək intellektə və liderlik keyfiyyətlərinə malik İlham Əliyev şəxsiyyəti çox böyük rol oynadı. Beynəlxalq aləmdə xalqını, ölkəsini təmsil edən Prezident İlham Əliyev özünün xarizması, alicənablığı və diplomatik məharətilə Azərbaycanın nüfuzunu qaldırdı, tanınan və seçilən ölkələrdən etdi.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına rəhbərlik etməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini təsdiq edən faktlar oldu. Bu illər ərzində qarşıya qoyulan ən böyük hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, müvəqqəti itirdiyimiz torpaqların qaytarılması idi. Ulu öndər Heydər Əliyevin başladığı və prezident İlham Əliyevin inamla, iradə ilə, müdrikliklə həyata keçirdiyi ölkənin hərtərəfli inkişafına və qüdrətlənməsinə yönəlmiş gərgin fəaliyyət işğal altında olan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. 44 günlük Vətən müharibəsi xalqımızın möhkəm birliyini, ordumuzun gücünü və rəşadətini, əsgərlərimizin qəhrəmanlığını, Ali baş komandan İlham Əliyevin müdrik siyasətçi, qətiyyətli, dəmir iradəli lider olduğunu bütün dünyaya göstərdi. Lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsi 20 il ərzində böyük zəhmətlə, gərgin fəaliyyətlə həyata keçirilmiş siyasətin parlaq nəticəsi oldu.

2003-cü ildən sonra ötən illər Azərbaycanın ali təhsil tarixində də böyük iz qoydu. Təhsil həmişə Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub. Bu illər ərzində ölkəmizdə ali təhsilin yenilənməsi və modernləşməsini təmin edən bir sıra çox vacib dövlət qərarları və sənədləri qəbul edilmişdir. Ciddi islahatların başlanmasını Azərbaycanın Bolonya prosesinə qoşulduğu 2005-ci ilə aid etmək olar. Sonrakı dövrdə ali təhsilin yeni sisteminin formalaşması, Avropa təhsil mühitinə inteqrasiyası, müasir tələblərə uyğun kadr hazırlığına istiqamətlənmiş dövlət proqramları qəbul edilmişdir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilini təmin edən dövlət proqramlarını xüsusilə qeyd etmək lazımdır. Onların nəticəsində dünya standartları səviyyəsində təhsil almış və bu gün ölkədə yeniləşmə prosesinə töhfə verən gənc, müasir mütəxəssislər nəsli yetişdi.

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı universitetləri beynəlxalq əlaqələrin möhkəmlənməsinə, qabaqcıl ali təhsil təcrübəsinə yiyələnməyə, ali məktəblərin reytinqinin yüksəlməsinə istiqamətləndirdi. Bu fəaliyyətin nəticəsi olaraq, ölkəmizin universitetləri inkişafa və beynəlxalq inteqrasiyaya doğru böyük addım atdı və son illərdə dünyanın əsas reytinq bazalarına daxil oldular.

Azərbaycan Memarlıq və İnşaat Universitetidə son 20 ildə ciddi inkişaf yolu keçmişdir. AzMİU bu gün 11 min tələbəsi, təcrübəli professor və dosentlərlə yanaşı çoxsaylı gənc mütəxəssislərdən ibarət yüksəksəviyyəli professor-müəllim heyəti olan qabaqcıl universitetdir. Bu illər ərzində Universitet həm mütəxəssis hazırlığının, həm də idarəetmə strukrtularını müasir tələblərə uğun yeniləmişdir. Bakalavriatura və magistraura pillələrində bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları modernləşdirilmişdir. Beynəlxalq əlaqələrin genişlənməsi və effektli istifadəsi təhsilin metodikasına və məzmununa bir çox yeniliklərin daxil edilməsini, ikili diplom proqramlarının həyata keçirilməsini, ayrı-ayrı ixtisasların Beynəlxalq akkreditasiyasını mümkün etmişdir. Bu gün universitetimiz tələbələrinə bakalavriat pilləsində 4 və magistr pilləsində 4 ikili diplom proqramı üzrə təhsil almaq imkanını verir. Memarlıq ixtisası Britaniya Kral Memarlar İnstitutunun (RİBA), xarici vətəndaşlar üçün hazırlıq fakültəsi Böyük Britaniyanın Lester universitetinin akreditasiyasını qazanmışlar. Hal-hazırda daha 3 ixtisasın Beynəlxalq akkreditasiya prosesi başlanmışdır. Bu illər ərzində Elekton Universitet qurulmuş, informasiya texnologiyaları tədris və idarəetmə prosesinə uğurla tətbiq edilir. Bunların nəticəsi olaraq, mütəxəssis hazırlığının keyfiyyəti yüksəlmiş və məzunlar işə götürülənlər tərəfindən daha yüksək qiymət alırlar. Məzunlarımızın bir hissəsi bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında çalışır, yollar çəkir, şəhərlər və evlər tikir, dağıdılmış aibidələri bərpa edirlər. Bunlar hamısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmizin iqtisadiyyatını və sosial həyatını xarakterizə edən böyük yüksəlişin nəticəsidir.

Möhtərəm Prezident İlham Əliyev dəfələrlə Universitetimizə diqqət və qayğısını göstərmişdir. 2010-11-ci illərdə Prezidentin ehtiyyat fondundan ayrılan vəsait hesabına Universitetin əsas 13 mərtəbəli tədris binası əsaslı təmir edilmiş, sonrakı illərdə dövlət büdcəsindən ayrılan vəsait hesabına layihə müəllifi görkəmli memar Mikayıl Üseynov olan memarlıq fakültəsinin binası təmir edilmişdir. Cənab Prezidentin dəstəyi ilə 2019-cu ildə universitetimizdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması, İtaliya Dizayn Məktəbləri və Mərkəzləri ilə əlaqələrin genişlənməsinə və dizayn təhsilinin modernləşməsinə şərait yaratdı. 20 il ərzində Universitetin maddi-texniki bazası tamamilə yenilənmişdir: təhsil üçün əlverişli, rahat mühit yaradılmış, çoxsaylı müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar açılıb.

Azərbaycanda uğurla həyata keçirilən İlham Əliyev siyasi kursu, 20 il ərzində əldə edilən misilsiz inkişaf, Vətən müharibəsndə möhtəşəm qələbəmizin yaratdığı ruh yüksəkliyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi gələcəyə böyük inam və əminliklə baxmağa imkan verir. Ölkədə quruculuq işlərinin vüsət alması, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərinin böyük miqyası memarlar, inşaatçılar, nəqliyyatçılar, hidrotexniklər və bir çox başqa ixtisaslar üzrə kadr hazırlayan Memarlıq və İnşaat Universiteti qarşısında böyük vəzifələr qoyur. Təhsildə modernləşmə və yüksək keyfiyyət hədəflərinə çatmaq üçün həyata keçirilən islahatlar bu vəzifənin öhdəsindən gələcəyimizə əminlik yaradır.

Gülçöhrə Məmmədova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
rektoru, memarlıq doktoru, professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti