Bakı. Trend:
Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsi növbəti mənasız addımdır. Bu sənədin heç bir əhəmiyəti yoxdur, artıq Avropa İttifaqın özü də bu iddiaların əsassız olduğunu anlayır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı çağırışların arxasında erməni lobbisi dayanır. Onların müxtəlif vasitələrlə ələ aldıqları avropalı parlamentarilər bütün sifarişlər “can-başla” yerinə yetirirlər.
“Erməni lobbisi həmin deputatları maliyyələşdirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu illərdə Avropa Parlamentinin deputatlarının Xankəndinə səfərlərini təşkil edən K.Karampetyan separatçı rejimin Aİ-də "qanuniləşdirilməsi" üçün ciddi səylər göstərirdi.
Əslən Yunanıstandan olan, Lüksemburq və Ermənistan
vətəndaşlığına malik K.Karampetyan budəfəki qətnamələrin qəbulunda
da xüsusi aktivlik göstərib, illərdən bəri "bəslədiyi" deputatları
sənədin lehinə səs verməyə sövq edib”, - deyə politoloq qeyd
edib.
Politoloq vurğulayıb ki, bu oyunların arxasında Makron kimiləri,
Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr,
sələbçi və neokolonial təfəkkürlü adamla agentlər dayanır
“Makronun Ermənistanı sürətlə silahlandırmaq və paralel olaraq Azərbaycana ciddi təzyiqlər göstərərək Bakını bəlli güzəştlərə vadar etmək cəhdləri nəticə vermir. Bu səbəbdən də Fransa hakimiyyəti müxtəlif vasitələrə əl atmaq da davam edir. Emanuel Makron üçün Ermənistan yalnız Cənubi Qafqaz yox, bütün postsovet məkanında Parisin geosiyasi ambisiyalarının təminatı prosesində ciddi mərhələdir”, - deyə politoloq qeyd edib.
Sözügedən çağışırların və sənədlərin heç bir mahiyyətinin olmadığını vurğulayan A.Qarayev bildirib ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur.
“Qərbin artıq mütləq monopoliya dövrü başa çatır, bu cür populizmin heç bir xeyri olmayacaq. Parisin Bakıya təsir imkanları minimumdur. Bu səbəbdən də E.Makron bölgədə maksimum dərəcədə intensiv və aqressiv siyasət yürütməyə can atır”, - deyə politoloq qeyd edib.
