...

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 18 Mart 2024 13:05 (UTC +04:00)
Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz dövlətçiliyin möhkəmləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlmiş kursa rusiyalıların yüksək inamından və fəal dəstəyindən xəbər verir.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər sabit inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir və möhkəmlənir, onlara yeni məzmun əlavə olunur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Rusiya hərtərəfli tərəfdaşlığının dərinləşməsinə, ikitərəfli gündəlikdə duran cari vəzifələrin həyata keçirilməsinə, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə bütün sahələrdə səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti