Bakı. Trend:
ABŞ-ın Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhə nail olmağa yönəlib.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün brifinqdə bildirib..
"Bizim Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı fəaliyyətdə məqsədlərimiz onları fikir ayrılıqlarının aradan qaldırılması və güclü və davamlı sülh sazişinin əldə edilməsi üçün işə cəlb etməkdir", - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono tez-tez Cənubi Qafqaza səfər edərək ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesinə dəstəyini, davamlı və ləyaqətli sülhə nail olmaq yollarını müzakirə edir.
O, sülh prosesinə dəstək vermək üçün mütəmadi olaraq Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır.
Bu ilin martında bölgəyə səfəri zamanı L.Bono Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin əldə edilməsi səylərini müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.
Xüsusən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.
Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında və Berlində keçirilən görüşlərdən irəli gələn məsələləri, Azərbaycanın sülh prosesi ilə bağlı gözləntilərini, eləcə də proses çərçivəsində açıq qalan məsələlərdə ölkənin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd edilib.