...

Qurtuluş Günü ümidsizliyə qapılmış xalqın nicat günü, tariximizin şanlı səhifəsidir

Siyasət Materials 15 İyun 2024 10:18 (UTC +04:00)
Qurtuluş Günü ümidsizliyə qapılmış xalqın nicat günü, tariximizin şanlı səhifəsidir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın işğalından azad edilmiş Şuşadan, Xocalıdan, Xankəndindən dönüb geriyə -1988-1993-cü illərə baxanda insanı həm qəhər boğur, həm də gözü sevinc və qürur hissindən yaşla dolur. Qəhər insanı ona görə boğur ki, həmin illərdə ermənilər azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımları törədiblər və uzun müddət də cəzasız qalıblar, dünya isə buna göz yumub... Tarixin qara arxivinə göndərilmiş keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri isə öz yarıtmaz fəaliyyətləri ilə erməni faşizmini himayə ediblər.

Erməni faşistlərinin dağıtdığı Ağdam Cümə Məscidinin minarəsindən bir daş parçasını isə Ulu Öndər Heydər Əliyevə sanki bir suvenir kimi təqdim edən Minsk Qrupu həmsədrlərinin bu davranışı polad iradəyə malik böyük siyasətçi Heydər Əliyevi kövrəltmişdi. Minsk Qrupunun həmsədrlərinin bu hərəkəti onların fəaliyyətindəki qara ləkələrdən biridir. Minsk Qrupunun həmsədrləri riyakarlıq etdilər və bir dəfə də olsun həqiqəti dillərinə gətirib ermənilərin törətdikləri soyqrımından, şəhər və kəndləri, uşaq baxçalarını, məktəbləri, mədəniyyət evlərini, müzeyləri,parkları, sanatoriyaları, parkları və s. yer üzündən sildiklərini dünya ictimaiyyətinə bildirmədilər. Azərbaycan xalqı onları bağışlaya bilərmi?

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham Əliyev öz qəhrəman əsgər və zabitləri ilə mərdliklə vuruşub mənfur düşməni döyüş meydanında məğlub edərək, düşməni diz çökdürərək, himayədarları ilə birlikdə torpağımızdan qovaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək Ümummilli Lider Heydər Əliyevin Ata vəsiyyətini yerinə yetirdi.

Heydər Əliyev Fondu Ulu Öndərin arzusunu gerçəkləşdirərək Ağdam Cümə Məscidini bərpa etdi. 2000-ci il mayın 9-da Ümummilli Lideri Heydər Əliyevə təqdim edilmiş həmin “daş parçası” isə məsciddə qan yaddaşının nişanəsi kimi saxlanılır ki, gələcək nəsillər şanlı tariximizi və xain düşmənin törətdiyi vəhşilikləri heç zaman unutmasın. Unutmasın ki, o faciələr bir daha təkrarlanmasın.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində özünün tarixi Zəfər səhifəsini yazdı. Bu Zəfərə aparan yol 1993-cü ilin 15 iyunundan başlayır-Xocalıya qayıdışın əsası qoyulduğu gündən...

Ulu Öndər Heydər Əliyev ölkəmizin və xalqımızın tarixində əvəzsiz xidmətləri olan, şərəfli və mənalı ömrünü xalqının nicatına, milli dövlətçiliyin dirçəlməsinə həsr edən böyük dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir. Müasir Azərbaycanın demokratik və ümumbəşəri dəyərlərə sadiq müstəqil və güclü dövlət kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışının nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir.

Heydər Əliyevin 15 iyun 1993-cü il qayıdışı ümidsizliyə qapılmış xalqın və fəlakətə sürüklənmiş Azərbaycan dövlətinin nicat günü, işıqlı sabaha doğru inamla atılan ilk uğur addımından başlayan tariximizin şanlı səhifəsidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamında bu barədə deyilir:

“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Ulu Öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün çətin zamanda ölkənin siyasi rəhbəri olduğu hər iki dövrdə - həm 1969-1982-ci, həm də 1993-2003-cü illərdə Azərbaycanın iqtisadi yüksəlişi, xalqın sosial rifahın yüksəldilməsi, Azərbaycan dilinin ddövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ədəbiyyat və incəsənətin, milli ənənələrin qorunması və inkişafı üçün böyük işlər görmüşdür.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1970-1982-ci illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etməyə başladı. Respublika yenidən qurulurdu. Aqrar ölkə kimi tanınan, amma kənd təsərrüfatı sahəsində də böyük uğurları olmayan respublikada həm kənd təsərrüfatı inkişaf etdirildi, həm də ölkə sənayeləşdirildi – həmin dövrün yüksək texnologiyaları əsasında yeni zavod və fabriklər tikildi.

Digər sahələrlə yanaşı təhsil və elm sahəsində həyata keçirilən irimiqyaslı islahatlar öz müsbət nəticələrini qısa müddətdə göstərməyə başladı. Məsələn, 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarlar qəbul edildi. Bu qərarların icrası nəticəsində ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-ə, 1982-ci ildə isə 3750-ə çatdırıldı. Ümumtəhsil məktəblərində şagirdlərin sayı 1970-ci illə müqayisədə iki dəfə artaraq 1980-ci ildə 710 min nəfər oldu.

Həmin illər ərzində iqtisadi inkişafı təmin edən, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrlar hazırlayan 5 yeni ali təhsil müəssisəsi yaradıldı. Eyni zamanda, mövcud ali təhsil müəssisələrində isə yeni ixtisaslar açıldı və ali təhsil alanların sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı. Bununla yanaşı, həmin illərdə respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000 nəfər azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində ali təhsil alması təşkil edildi. Həmin gənclərə təqaüdlər təhsil aldıqları müddətdə Azərbaycan Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Yüksəkixtisaslı ali, orta ixtisas və peşə təhsilli kadrların sayının qısa müddət artırılması respublikanın iqtisadi inkişafına yeni təkan verdi. İqtisadiyyatın bütün sahələrində sürətli inkişaf təmin edildi. Yeni zavod və fabriklər tikildi, sənaye məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artırıldı. Yeni çoxmənzilli yaşayış binaları, fərdi evlər tikildi, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdı. Azərbaycan İttifaq Respublikaları arasında ən geridə qalan respublikadan ən inkişaf edən respublikaya və İttifaq büdcəsindən asılı olmayan üç respublikadan birinə çevrildi. Həmin dövrdə respublikada böyük tikinti-quruculuq layihələri gerçəkləşdirildi: yeni mikrorayonlar, qəsəbələr kəndlər, magistral yollar tikildi, şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması genişləndirildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamda haqlı olaraq belə səciyyələndirilir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur...

Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir”.

Təəssüf hissi ilə qeyd etməliyik ki, 1970-1987-ci illərdə respublikada yaradılmış böyük iqtisadi potensial səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti, bəzi hallarda isə antimilli fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində qısa müddətdə - 1988-1993-cü illərdə insafsızcasına tamamilə dağıdıldı. Azərbaycan xalqına və dövlətinə xəyanət yolunu seçən Əbdürəhman Vəzirovu 1988-ci ildə Azərbaycan Respublikasına rəhbər təyin edən SSRİ rəhbəri Mixail Qorbaçov Azərbaycan xalqına düşmənçilik münasibətini gizlətmədən erməni əsilli SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi korrupsioner Telman Qdlyanı “xüsusi tapşırıqlarla” Azərbaycana göndərdi. Bu, o vaxta təsadüf edir ki, 1987-ci ilin noyabr-dekabr ayından başlayaraq Ermənistanda azərbaycanlılar qətlə yetirilir, minlərlə azərbaycanlı evlərindən zorla qovulur, deportasiya edilirdi. Bu azmış kimi Azərbaycanın Xankəndi şəhərində, ətraf kəndlərdə yaşayan azərbaycanlılara da ermənilər hücum edir, evlərini dağıdır, yandırır, şəhər və kəndlərdən qovurdular. Bu cinayətlərə siyasi və hüquqi qiymət vermək, erməni cinayətkarları cəzalandırmaq əvəzinə, Azərbaycana cinayətkar Telman Qdlyanın “cəza dəstəsi” göndərilir. Burada məqsəd Azərbaycan xalqına və dövlətinə qara yaxmaqla ermənilərin törətdikləri cinayətləri, vəhşilikləri ört-basdır etmək, ölkəmizin iqtisadiyyatını iflic etmək, fədakar insanları ləkələmək, uydurma ittihamlarla həbs etmək, xalqın iradəsini sarsıtmaq və sonda ərazimizi parçalamaq və Ermənistana hədiyyə etmək idi. Bu, Mixail Qorbaçovun Ümummilli Lider Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırmaq üçün qurduğu çirkin oyunun davamı idi. Əslində, Mixail Qorbaçov bütün türk respublikalarına qarşı bu iyrənc siyasəti həmin dövrdə həyata keçirdi. Əgər İosif Stalinin hakimiyyəti dövründə türk xalqlarına və dövlətlərinə qarşı bu xain və iyrənc siyasətin ideoloqu Anastas Mikoyan və digər yanlar idisə, Mixail Qorbaçovun türk respublikalarına və tanınmış rəhbərlərinə qarşı ləyaqətsiz iyrənc siyasətinin ideoloqu Abel Aqanbekyan və digər yanlar idi.

Sonralar Komunist Partiyası Mərkəzi Komitəsinin katibi Yeqor Liqaçov demişdi ki, Telman Qdlyan və onun həmkarı Nikolay İvanov SSRİ-nin dağılmasına öz “əməlləri” ilə ciddi töhfə vermişlər. Amma bu həqiqətin bir tərəfidir. Çünki SSRİ-nin o vaxtıki Baş Prokurory A.Suxarevin öz xatirələrində yazdığına görə, 1990-cı ildə Telman Qdlayan cinayət əmməllərinə və korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilsə də “ağalarının” köməyi ilə azad edilmişdir.

Qeyd etməliyik ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1990-cı illərin əvvəllərində nəinki bölgə və dünyada baş verən hadisələrə təsir etmək gücünə malik deyildi, hətta özünün mövcudluğu belə sual altında idi. Gənc Respublikada xaos, özbaşınalıq hökm sürürdü. Siyasi hakimiyyətdə olan şəxslər baş verən tarixi prosesləri dərk edə bilmir, nə baş verir, niyə baş verir və nə etmək lazımdır kimi suallara cavab verə bilmirdilər.

Hələ 1987-ci ildə keçmiş SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırılmasına nail olması xalqımıza qarşı hazırlanmış məkrli planın işə salınmasına bir işarə olduğunu çoxları zamanında anlamadılar. Respublikanın o vaxtkı rəhbərləri hətta Mixail Qorbaçovun erməni müşaviri Abel Aqanbekyan 16 noyabr 1987-ci ildə Fransada Azərbaycana qarşı saxta ittihamlarla çıxış edəndə tarixi proseslərin təhlükəli məcraya məqsədyönlü şəkildə yönləndirildiyinin fərqinə varmadılar. Əbdürəhman Vəzirovun 1988-ci ildə Azərbaycana rəhbər göndərilməsi və onun qəbul etdiyi antimilli qərarlar isə yaşanacaq faciələrin miqyasını daha da genişləndirdi. Mixail Qorbaçovun əmri ilə Azərbaycan xalqının 1990-cı ilin 20 yanvar gecəsi sovet qoşunları tərəfində qətlə yetirilməsinin nəinki qarşısını almadı, hətta, çətin zamanda xalqının yanında olmaq əvəzinə, gecə il öz sahiblərinin yanına qaçdı. Ondaan sonrakı rəhbərlər də dövlət müstəqilliyini qorumaq üçün əməli fəaliyyət göstərmədilər və o vaxtkı rəhbərl 20 Yanvar qırğınına siyasi qiymət vermədilər. Məhz bunun nəticəsi idi ki, sonra erməni terrorçu qrupları Xocalıda azərbaycanlılara qarşı soyqrımı törətdilər. Daha sonra erməni terrorçu qrupları və Ermənistan silahlı qüvvələri birləşərək Şuşanı, Laçını, Kəlbəcəri işğal etdilər.

Həmin dövrdə Azərbaycanda baş verən hadisələr haqqında obyektiv məlumatın yayınlamasına da imkan verilmirdi. Ölkə tam informasiya blokadasında idi. Xaliq nə baş verdiyini, niyə baş verdiyini və nə edəcəyini bilmirdi. Belə bir məqamda 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, xalqına dəstək oldu. Hesab edirik ki, bu tarixi hadisə idi. İlk dəfə nə baş verdiyini Heydər Əliyev bütün dünyaya bəyan etdi. Məhz buna görə SSRİ rəhbərliyi və şəxsən azərbaycanlılara qarşı hərbi cinayətin törədilməsinə əmr vermiş Mixail Qorbaçov bu həqiqəti gizlətmək üçün Heydər Əliyevə qarşı repressiyaları daha da gücləndirdi.

Bu hadisənin üzərindən ötəri keçmək olmaz. Çünki həmin dövrdə baş verənləri və sonrakı prosesləri düzgün qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin hadisə haqqında demişdi: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.

O, həmişə xalqı ilə birlikdə oldu, ondan dəstək aldı və Vətəninə, xalqına, dövlətinə sadiq oldu.

1988-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş şəxslərin cinayi üzünəgüvəni və hakimiyyət uğrunda vətəndaş müharibəsinə rəvac vermələrinin nəticəsi idi ki, erməni terrorçu qrupları Xocalıda azərbaycanlılara qarşı soyqrımı törətdilər. Daha sonra erməni terrorçu qrupları və Ermənistan silahlı qüvvələri birləşərək Şuşanı, Laçını, Kəlbəcəri işğal etdilər. Azərbaycanda yüz minlərlə qçqın və məcburi köçkün taleyin ümidinə buraxıldı. Azərbaycan dövləti böyük fəlakətin astanasında idi. Bunu artıq hamı aydın şəkildə anlayırdı və iqtidarda onlar da bunu dərk edirdilər və bu faciədən qurtuluş yolunu xalqın böyük məhəbbət, inam və etimad bəslədiyi polad siyasi iradə və qətiyyətə, dərin dövlətçilik təfəkkürünə malik görkəmli dövlət xadimi Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsində, prosesləri nəzarətə alaraq milləti və dövləti xilas etməkdə görürdülər. Bu, həm də onların özlərinin xilas yolu idi.

Ulu Öndər Heydər Əliyev iyun ayında Bakıya gəlməsəydi, həyatını təhlükəyə ataraq Gəcə şəhərinə səfər etməsəydi, vətəndaş müharibəsinin qarşısını almasaydı və 1993-cü ilin 15 iyununda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, yeniləşən, demokratiya yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti də olmazdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu və nəticədə, qurtuluş savaşında tənəzzüldən tərəqqiyə doğru dönüş başlandı.

Ulu Öndər Heydər Əliyevin fədakarlıqla həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində 1993-cü ildə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasının qısa müddət ərzində anarxiyadan 1995-ci ildə sabit, güclü dövlət quruculuğu prosesinə keçidini tam təmin edildi. 1993-2003-cü illər ölkədə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmini kimi səciyyələndirilə bilər. Həmin dövrdə Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyində yüksək yer tutan ölkəmiz nəinki beynəlxalq təşkilatların üzvü, həm də həmin təşkilatlarda söz sahibi oldu. Mübaliğəsiz demək olar ki, həmin dövrdə müstəqil Azərbaycan Respublikasının Yeni tarixi yazıldı.

Bu gün Azərbaycan özünün İntibah dövrünü yaşayır və əminliklə deyə bilərik ki, bu uğurların əsası 30 il öncə qoyulub. Hesab edirik ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev ölkəmizi məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana çevirib.

Müasir Azərbaycan Respublikasın qətiyyətli və tam müstəqil siyasət yürüdən güclü siyasi lideri, möhkəm və davamlı inkişaf edən iqtisadiyyatı, qüdrətli ordusu var. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bir daha həm təsdiq etdi, həm də daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev igid əsgər və zabitləri ilə hərb meydanında qəhrəmanlıqla döyüşərək Qarabağı və Şərqi Zəngəzuru erməni-faşist işğalçılarından azad edib Azərbaycanın şanlı Zəfər tarixini yazdı. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, həm də onun tərəfindən təməli 1993-cü ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Vətənin azadlığı uğurunda müqəddəs savaşda yazdığı Şərəf tarixi idi.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Yeni tarixini yazmış Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Ən Yeni tarixini yazan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı, hər bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatı naminə uğurla inkişaf etdirilir və gerçəkləşdirilir.

Bəxtiyar Əliyev,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

AMEA-nın müxbir üzvü, professor

Xəbər lenti

Xəbər lenti