Bakı. Trend:
İyulun 14-də Paris "Fəxri Legion" ordeninin yeni kavalerlərinin adlarını dərc edib.
Trend xəbər verir ki, bu "şanlı" siyahıya Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri Frank Murad Papazyan da daxil olub.
Bu mükafat "görkəmli nailiyyətləri" və "millət qarşısında fərdi xidmətləri"nə görə daha əvvəl də ermənilərə verilib. Xəbər verdiyimiz kimi, bu ada erməni separatizminin qızğın tərəfdarı olan Erməni Incil Kilsələri İttifaqının prezidenti, pastor Rene Leonyan da "layiq görülüb".
Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru Jan-Mişel Bryun öz məqaləsində Papazyanın fəaliyyətindən və Fransanın baş naziri Qabriel Attalın onu bu "şərəf"ə layiq bilməsinin həqiqi səbəblərindən bəhs edib.
"Heç bir şübhə yoxdur ki, Papazyan bu mükafatı öz xidmətlərinə görə deyil, erməni diasporunu təmsil etdiyi üçün alıb. O, Qarabağın "erməniləşdirilməsi"nin qızğın tərəfdarı və Fransada ən nüfuzlu erməni lobbiçilərindən biridir. Ölkədəki 38 jurnalistika məktəbi vasitəsilə gələcək jurnalistlər arasında erməni separatçılarının fikirlərini yayır", - Bryun yazır.
Müəllif həmçinin vurğulayıb ki, Papazyan Ermənistanın baş naziri Nikol Paşinyanın qızğın rəqibi hesab olunur və Ermənistanın hazırkı hakimiyyətini açıq şəkildə tənqid edərək onu devirməyə çalışır: "Papazyan hətta 2021-ci il iyunun 1-də Nikol Paşinyanın Fransaya səfəri zamanı onun kortejinə hücum təşkil edib. Nəticədə onun iki il müddətinə Ermənistana girişi qadağan olundu. Qadağa götürüldükdən sonra Papazyan Baqrat Serpazan ilə görüşüb və onunla Ermənistan hökumətinin devrilməsini müzakirə edib".
"Erməni dairələrinə yaxın mənbələr Murad Papazyanın dostu Qabriel Attalın onun yerinə Pastor Rene Leonyanı Fəxri Legion ordeni ilə təltif etməsindən hiddətləndiyini bildirir. Bu səbəbdən Attal vəzifəsindən getməzdən əvvəl bu "ədalətsizliyi" düzəltmək qərarına gəlib", - məqalədə deyilir.
Bryun həmçinin ehtimal edir ki, Emmanuel Makronun Papazyan üçün ordeni təsdiqləməsi Ermənistan hakimiyyətinə təhqir kimi qəbul oluna bilər. "Tamamilə mümkündür ki, Makron gələcək seçkilərdə yenidən dəstəyinə müraciət edə biləcəyi erməni icmasına müsbət siqnal göndərmək istəyib", - deyə müəllif sonda yazır.
(Tərcümə: Rəna Əbdürəhmanova)