...

Milli Məclisə seçkilər Azərbaycanın bölgədəki rolunu və təsirini yenidən formalaşdıra bilər - Mehmet Yüce

Siyasət Materials 13 Avqust 2024 12:01 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəli professor Mehmet Yüce sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti barədə Seçki 2024 Müstəqil Media Mərkəzinə müsahibə verib.

Trend müsahibəni təqdim edir :

- Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycan üçün əhəmiyyətini necə şərh edərdiniz?

- İkinci Qarabağ Müharibəsində qələbə qazanması Azərbaycan üçün yeni dövrün başlanğıcı oldu. Bu qələbə ilə Birinci Qarabağ Müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Güclü orduya sahib olduğunu nümayiş etdirdi. Yəni, Azərbaycan ərazisinin bir hissəsi işğal altında olan bir ölkədən öz gücü ilə qalib gələn ölkəyə çevrildi. Bu status dəyişikliyi təbii olaraq Azərbaycanın həm daxili, həm də xarici siyasətinin yenidən formalaşmasına səbəb oldu. İndi Azərbaycan sürətlə öz məqsədlərinə doğru irəliləyir. Yenilənən Azərbaycanın öz məqsədlərinə çatması üçün parlament seçkilərinin də yenidən keçirilməsinə və Qarabağ bölgəsi də daxil olmaqla bütün Azərbaycan ərazilərini təmsil edən qanunverici orqanın formalaşmasına ehtiyac var. Parlament yeni seçilən üzvləri ilə fasiləsiz olaraq Azərbaycanın yeni hədəflərinə yönəlik addımlar atacaq.

- Bu seçkilərin regional siyasət baxımından əhəmiyyəti nələrdir?

- Azərbaycanda keçiriləcək parlament seçkilərinin regional siyasət üçün də mühüm nəticələri olacaq. Azərbaycan Cənubi Qafqazda mühüm aktordur. Bu seçkilərin Azərbaycanın bölgədəki siyasi roluna təsir edəcəyini proqnozlaşdırmaq olar. Sabit Azərbaycan regional əməkdaşlığı inkişaf etdirə və regiondakı digər münaqişələrin həllinə töhfə verə bilər. Yəni, bu parlament seçkilərinin Azərbaycanın həm daxili siyasətində, həm də regional proseslərdə ciddi dəyişikliklərə səbəb olması mümkündür.

Məsələyə beynəlxalq münasibətlər prizmasından yanaşdıqda, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın keçirdiyi seçkilər xüsusilə beynəlxalq legitimliyin gücləndirilməsi, Qarabağa dəstək baxımından önəmlidir. Demokratik və şəffaf seçki prosesi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq, xarici investisiyaları təşviq edəcək. Bundan əlavə, Qarabağ qələbəsi Cənubi Qafqazda qüvvələr nisbətini dəyişib. Bu kontekstdə yanaşsaq, bu seçkilər Azərbaycanın yeni mövqeyini möhkəmləndirəcək və regionda diplomatik münasibətlərə müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti