...

Zəngilanda səsvermə başlayıb (FOTO)

Siyasət Materials 1 Sentyabr 2024 08:40 (UTC +04:00)
Zəngilanda səsvermə başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Zəngilan rayonu Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə seçicilər yüksək əhval-ruhiyədə iştirak edir. Səhər saatlarından başlayaraq seçicilərin aktivliyi müşahidə edilir.

Trend xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan Zəngilan və Qubadlıda 5 seçki məntəqəsi fəaliyyət göstərir. 33 Saylı Seçki məntəqəsi Ağalı kəndi məktəbində fəaliyyət göstərir. Ağalı kənd sakinlərinin bu məntəqədə səsvermə hüququndan istifadəsi üçün bütün şərait yaradılıb.

Həmçinin, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə tam sərbəst şəkildə iştirak edirlər. 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də aktivlik müşahidə edilir.

Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün Alıbəyli kəndi ərazisində 61 Saylı seçki məntəqəsi, Ağbənd qəsəbəsində 62 Saylı Seçki məntəqəsi, Zəngilan şəhərin mərkəzində isə 64 Saylı seçki məntəqəsi fəaliyyət göstərir. 125 Saylı Zəngilan Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə isə 63 Saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sözügedən dairə üzrə 64 seçki məntəqəsi var və qeydə alınan seçicilərin sayı 56391 nəfərdir. Onlardan 31600 seçici və 36 seçki məntəqəsi Zəngilan üzrə, 24791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti