Bakı. Trend:
Fransa beynəlxalq qanunları pozur.
Trend xəbər verir ki, bu barədə keçmiş Komor Adalarının BMT-dəki daimi nümayəndəsi Mohamed Toihiri Bakıda təşkil edilmiş beynəlxalq konfransın kulislərində jurnalistlərə məlumat verib.
Konfrans Fransanın nəzarətində olan Mayot adasına həsr olunub və Bakıda keçirilir.
Toihirinin sözlərinə görə, Fransa BMT-nin Mayot adasına müstəqillik verilməsi qətnaməsini pozur.
"Fransanın fəaliyyəti konstitusiyaya uyğun deyil və beynəlxalq hüquqa ziddir. Arxipelaqda keçirilmiş qlobal referendumun nəticələri müstəqilliyi dəstəkləyən 94 faizdən çox səs göstərdi. Mənim dövrümdə adadakı əksəriyyət Fransada qalmaq istəyirdi, lakin beynəlxalq razılaşmalar qlobal referendumun nəticələrini nəzərə almağı tələb edir. Bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən nəzərə alınıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, 1976-cı ildə Komor Adaları müstəqillik əldə etdikdən sonra Fransa Mayot adasına müstəqillik verilməsi barədə BMT-nin qətnaməsini tanımaqdan imtina edib.
Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.
"Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının (Komor Adaları İttifaqı - red.) tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.
Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.