...

Zamanı qabaqlayan inkişaf

Siyasət Materials 15 Oktyabr 2024 10:25 (UTC +04:00)
Zamanı qabaqlayan inkişaf

Bakı. Trend:

Bu gün möhtərəm İlham Əliyev cənablarının ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 21-ci ili tamam olur. 2003-cü ilin oktyabrın 15-də keçirilən seçkilərdə xalqımız Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə etimad göstərməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına, etibarlı və aydın gələcəyinə, inkişafa və quruculuğa səs verdi. Ötən 21 ilin bütün reallıqları göstərir ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və Prezident İlham Əliyev bu siyasətin ən layiqli davamçısı kimi xalqın inamını və etimadını layiqincə doğruldan liderdir.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı

Öncə onu qeyd etməliyik ki, respublikamızın inkişafı ilə bağlı fikir və mülahizə yürüdərkən, müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətimiz qarşısındakı tarixi xidmətləri göz önünə gəlir. Bu barədə söz açmaq həm də hər birimizin mənəvi borcudur. Çünki bu gün haqlı olaraq uğurları ilə qürur duyduğumuz respublikamız məhz Heydər Əliyevin 31 il əvvəl xalqın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişindən sonra yaratdığı möhkəm bünövrə üzərində bərqərar olub. Müasir Azərbaycan dövlətinin etibarlı təməllərini Ulu Öndərimiz yaradıb. Məhz Heydər Əliyev tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının nəticəsidir ki, xalqımız müstəqil və suveren dövlətdə yaşamaq hüququna nail olub. Azərbaycanın dövlət olaraq yüksəlişinin əsasında Heydər Əliyevin müəyyən etdiyi mükəmməl inkişaf strategiyası dayanır.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın təkmil inkişaf strategiyasını müəyyən etməklə bərabər, həm də bu strateji xətti zamanın çağırışlarına uyğun şəkildə, qətiyyətlə, əzmlə davam etdirəcək siyasi davamçısını da yetişdirib. Hələ 2003-cü ilin prezident seçkilərindən 2 həftə əvvəl, oktyabrın 1-də Ümummilli Lider xalqımıza etdiyi tarixi müraciətində deyirdi:

«Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

Azərbaycanın ötən 21 ildə keçdiyi yol Heydər Əliyevin nə qədər müdrik və uzaqgörən şəxsiyyət olduğunu təsdiq edir. Bu dövrdə Prezident İlham Əliyev respublikamızın davamlı inkişaf yoluna çıxarmaqla, Azərbaycanı Cənubi Qafqazda lider, beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevirməklə, ən əsası torpaqlarımızı işğaldan azad etməklə həm də Heydər Əliyevin arzularını, vəsiyyətini yerinə yetirdi.

Müasir və innovativ çağırışlara cavab verən iqtisadi siyasət

Ümumiyyətlə, dövlətin tarixi kontekstində, yaxud ayrı-ayrı dövlətlərin inkişaf nümunələri baxımından 21 il böyük bir zaman kəsiyi sayıla bilməz. Lakin bu 21 ildə Azərbaycan o qədər möhtəşəm inkişaf yolu keçib ki, Prezidentimizlə və dövlətimizlə yalnız qürur duya bilərik.

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ən əlamətdar göstəricilərindən biri respublikamızın iqtisadi sistemində baş verən köklü dəyişikliklər, iqtisadiyyatın diversifikasiyasına nail olunması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların iqtisadi potensialının hərəkətə gətirilməsidir. Bütün bunlara nail olmaq üçün bir sıra strateji vəzifələrin yerinə yetirilməsi, xüsusilə Heydər Əliyevin müəllifi olduğu enerji siyasətinin davam etdirilməsi, antiazərbaycançı dairələrin və erməni lobbisinin yaratdıqları manelərə baxmayaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının başa çatdırılması mühüm rol oynayıb.

Qeyd etməliyik ki, BTC-nin və BTƏ-nin istifadəyə verilməsi ilə Azərbaycan Xəzərdən hasil olan karbohidrogen ehtiyatların dünya bazarlarına çıxarılmasında tamamilə yeni reallıqlar yaratdı. Məlum olduğu kimi buna qədər Azərbaycan nefti əsasən Rusiya ərazisindən keçməklə Novorossiysk marşrutu ilə ixrac edilirdi. Azərbaycanın müstəqil enerji siyasətinin təntənəsi olan BTC-nin və BTƏ kəmərlərin inşası nəticəsində isə tarixdə ilk dəfə olaraq Xəzərdən çıxarılan neft və qazın Rusiyadan keçməyən alternativ marşrutlarla ixrac edilməsinə başlanıldı.

Cənub Qaz Dəhlizi isə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətini dövrün nəbzini tutmaqla yeni mərhələyə yüksəltməsinin praktik ifadəsidir. Bu layihənin reallaşması yalnız Prezident İlham Əliyevin iradəsinin və qətiyyətinin nəticəsidir. Bu enerji dəhlizi ilə Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Avropaya təbii qaz nəql etməsi respublikamızın beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirib, Azərbaycanı qlobal enerji təhlükəsizliyi dialoqunun aparıcı aktoruna çevirib.

Dünyada neft və qaz hasil edən, onu xaricə satan dövlətlər çoxdu. Amma bugünkü reallığı nəzərdən keçirəndə görürük ki, heç də bütün dövlətlər neft dividendlərindən səmərəli istifadə edə bilməyiblər. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi siyasətinin uğuru ondadır ki, karbohidrogen ehtiyatların ixracından gələn gəlirlərdən ilk gündən Azərbaycanda sosial-iqtisadi məqsədlər naminə səmərəli istifadə olunub. Əvvəldə toxunduğumuz kimi iqtisadiyyatın diversifikasiyasına nail olunmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, regionların iqtisadi potensialının hərəkətə gətirilməsində, ölkə üzrə bütün sahələr üzrə infrastrukturların ən müasir standartlar səviyyəsinə çatdırılmasında, vətəndaşların sosial rifahının yüksəldilməsində neft və təbii qazın ixracından gələr gəlirlərdən səmərəli şəkildə istifadə əhəmiyyətli dərəcədə böyük rol oynayıb.

Bu dövrün bəzi statistik göstəricilərinə nəzər salmaqla haradan haraya qədər bir inkişaf yolu keçdiyimizi görə bilərik. Dövlətin iqtisadi inkişaf səviyyəsini və inkişafın sürətini xarakterizə edən əsas iqtisadi alətlərdən biri dövlət büdcəsi hesab olunur. İlk növbədə büdcə göstəricilərinə nəzər yetirməyimiz 21 ildə nail olduğumuz iqtisadi inkişafın miqyası barədə aydın və dəqiq təsəvvür yaradır. 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat həcmində idi.

Bu gün isə büdcəmizin gəlirləri artıq 40 milyard manata yaxınlaşır. Hərbi xərclərimiz 21 il əvvəl təxminən 255 milyon manat səviyyəsində idi. Bu ildən etibarən büdcəmizin müdafiə və təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. 21 il əvvəl respublikamızın 1,8 milyard dollar həcmində strateji valyuta ehtiyatları var idi. 2024-cü ildə isə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu, 2003-cü illə müqayisədə təxminən 40,5 dəfə çoxdur.

Dövlətin inkişafını səciyyələndirən başqa bir göstərici ümumi daxili məhsul (ÜDM) istehsalıdır. Artıq ötən ildən etibarən respublikamızda ÜDM istehsalı 100 milyard manatı ötüb. Bu il isə ÜDM istehsalının nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir. Ən mühümü də odur ki, ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payı ildən ilə artır. 21 ildə Azərbaycan iqtisadiyyatının real ifadədə 3,4 dəfədən çox böyüməsi ÜDM istehsalının artımının əsas mənbəyidir.

Əlbəttə, bu cür müsbət makroiqtisadi göstəricilərə nail olunmasında özəl sektorun inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən addımların atılması böyük rol oynayıb. 21 ildə sahibkarlara imtiyazlı şərtlərlə ayrılan kreditlərin həcmi 3 milyard manatı ötüb. Bu illər ərzində sahibkarlıq subyektlərinin sayının 180 mindən 1,5 milyona qədər artması, sənaye məhsulunun ümumi həcmində özəl sektorun payının 54,9 faizdən 87,6 faizə qədər yüksəlməsi, bölgələrdə 52 mindən artıq yeni müəssisənin yaradılması ölkədəki sağlam biznes mühitindən və sahibkarlığın stimullaşdırılmasına xidmət edən tədbirlərdən xəbər verir.

Mühüm nailiyyətlərdən biri sənayenin inkişafıdır

Son onillikdə qlobal iqtisadiyyatda baş verən böhranlar, neftin qiymətlərinin minimuma enməsi Prezident İlham Əliyevin iqtisadi inkişafla bağlı müəyyən etdiyi hədəflərin nə qədər uzaqgörən olduğunu təsdiq edir. Xüsusən Azərbaycanda sənayeləşmə istiqamətində atılan addımlar beynəlxalq maliyyə böhranlarının və neftin qiymətlərinin düşməsi fonunda İlham Əliyevin iqtisadi təşəbbüslərinin nə qədər doğru olduğunu, dövrün çağırışlarına çevik cavab verdiyini, ən əsası ölkənin yeni mərhələdə inkişafına xidmət etdiyini göstərir. Bu fonda özünü göstərən ən mühüm nailiyyətlərdən biri sənayenin inkişafıdır.

Son 21 ildə müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi sürətlə artıb. Respublikada fəaliyyət göstərən sənaye müəssisələrində, o cümlədən sənaye və texnologiyalar parklarında avtomobillər, günəş batareyaları, elektrik avadanlıqları və cihazları, tikinti materialları, əczaçılıq məhsulları, gübrələr, mebellər, məişət əşyaları, geyimlər və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü tam təmin edir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir. «Made in Azerbaijan» brendinə dünyanın müxtəlif ölkələrində rast gəlmək mümkündür.

Ümumilikdə isə son 21 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 22 dəfədən çox artıb.

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinin ən uğurlu nümunələrindən biri Gəncə avtomobil zavodu fəaliyyətə başlamasıdır. Əsası 1986-cı ildə qoyulan, lakin obyektiv səbəblərdən tikintisi yarımçıq qalan zavaod Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında işə salınıb və həmin vaxtdan Rusiyanın və Belarusun tanınmış avtomobil və maşınqayırma müəssisələri ilə əməkdaşlıqlar çərçivəsində müxtəlif vaxtlarda Oka və UAZ kimi minik avtomobilləri, MAZ və KaMAZ kimi ağırtonnajlı yük avtomobilləri, «Belarus» traktorları, kombaynlar, su və yanacaqdaşıyanlar, yüküözüboşaldanlar, avtokranlar, ekskavatorlar, avtomobil qoşquları və ağırtonnajlı yük dartıcıları istehsal olunub. Bu gün də Gəncə avtomobil zavodunda yük avtomobillərinni, kənd təsərrüfatı texnikalarının, elektrik avtobuslarının istehsalı davam edir.

Tərəqqiyə və rifaha xidmət edən mükəmməl infrastruktur

İnkişafın təməlində həm də təkmil infrastruktur dayanır. Bu, bütün ölkələrdə iqtisadi tərəqqiyə nail olmağın və vətəndaşların sosial rifahının yüksəldilməsinin əsas hərəkətverici lokomotivlərindən biri kimi özünü göstərir. Bu reallığı müdrikcəsinə dəyərləndirən Prezident İlham Əliyevin iqtisadi siyasətində infrastruktur məsələləri daim xüsusi yer tutub. 21 ildə ölkə üzrə infrastrukturun kompleks şəkildə yenilənməsi və inkişaf etdirilməsi, regionların inkişafına dair dövlət proqramlarına infrastrukturlarla bağlı ayrıca bəndlərin salınması bunu təsdiq edir.

21 ildə respublikamızda 8-i beynəlxalq stastus daşımaqla (Bakı, Gəncə, Naxçıvan, Qəbələ, Lənkəran, Zaqatala, Füzuli və Zəngilan) 9 aeroport tikilib və ya yenidən qurulub. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, orbitə 3 peyk çıxarılıb, yeni elektrik stansiyalarının inşası nəticəsində 3 min meqavatdan artıq yeni generasiya gücü yaradılıb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 100 faizə yaxınlaşıb, 21 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulub.

3600-dən çox məktəb binasının, 750-dən artıq tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası isə sosial sferada mükəmməl infrastrukturun yaradılmasının göstəricisidir. Bütövlükdə isə istər xidmət, istər sosial, istərsə də nəqliyyat sferalarında yaradılan müasir infrastruktur əhalinin şəyat səviyyəsinin müəyyən edilməsində vacib rol oynayan indikator olmaqla respublikamızda vətəndaşların yaşayışın ən müasir standartlar səviyyəsinə çatdırıldığını, bütün sahələr üzrə xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir.

Beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin yerini və rolunu müəyyən edən meyarlardan biri qlobal nəqliyyat dəhlizlərində iştirak səviyyəsidir. Bu, hələ karvan yollarının mövcud olduğu keçmiş dövrlərdə belə olub, Dördüncü Sənaye İnqilabının yaşandığı müasir dövrümüzdə də elədir. Çünki nəqliyyat dəhlizində yer almaq, tranzit və logistik imkanlarına malik olmaq dövlətin maliyyə-iqtisadi imkanlarına əlavə güc qatan mühüm mexanizmdir.

Son onilliklərdə regionumuzda və Azərbaycanı əhatə edən yaxın coğrafiyalarda Şərq-Qərb və Şimal-Cənub istiqamətində yükdaşımalar sahəsində böyük rəqabət yaranıb və belə şəraitdə geniş tranzit potensiala malik olan respublikamız müşahidəçi mövqeyində dayana bilməzdi. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı ən böyük iqtisadi dividendlərdən biri respublikamızı regionun nəqliyyat qovşağına çevirməsidir. Təsadüfi deyil ki, qlobal iqtisadiyyatda böyük çəkisi olan Çin bu ölkədən başlayan və Azərbaycandan keçməklə Avropaya uzanan Orta Dəhlizin imkanlarını yüksək qiymətləndirir. Azərbaycanın reallaşdırdığı nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ərsəyə gətirilməsi ilə inkişaf etdirilən Orta Dəhliz faktiki olaraq Çindən Avropaya aparılan yüklərin digər nəqliyyat marşrutları ilə müqayisədə daha sürətli və təhlükəsiz çatdırılmasını təmin edir.

Prezident İlham Əliyevin müəllifi olduğu yüksəliş nümunələrindən biri Azərbaycanın regionlarının inkişaf etirilməsi, respublikamızın başdan-başa tikinti, quruculuq meydanına çevrilməsidir. 21 ildə cənab İlham

Əliyevin Azərbaycanın regionlarına 600-ə yaxın səfəri də göstərir ki, dövlət başçısı regionların inkişafına nə qədər böyük diqqət və həssaslıqla yanaşır.

***

Qeyd etdiyim kimi 21 il uzun zaman kəsiyi deyil. Lakin mübaliğəsiz deyə bilərik ki, bir çox dövlətlərin bir əsrə, 50 ilə keçdiyi inkişaf yolunu Azərbaycan 21 ildə qət edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində dərin iqtisadi böhran yaşayan, büdcəsi demək olar ki, boş olan bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafa, müsbət makroiqtisadi göstəricilərə malik ölkədir. Bu inkişafla biz zamanı qabaqlamışıq.

Əlbəttə ki, əsrə bərabər 21 ilin ən möhtəşəm səhifəsi işğal altındakı torpaqlarımızın azad olunmasıdır. Vətən müharibəsindəki qələbə və ərazi bütövlüyümüzün tam bərpa edilməsi göstərdi ki, Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan öz milli maraq və mənafelərini qətiyyətlə təmin edə bilən dövlətdir. Məhz buna görə hər bir prezident seçkisi xalqımızın İlham Əliyevə etimadı ilə əlamətdar olub. İnkişaf proseslərinin davamlı olmasını istəyən xalqımız hər zaman cənab İlham Əliyevə dəstəyini nümayiş etdirib.

Ötən 21 ilin reallığı ondan ibarətdir ki, Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bu reallığın müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti