Bakı. Trend:
Qərbi Azərbaycanlıların öz torpaqlarından didərgin salınması insan hüquqlarının pozulmasıdır.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt deyib.
O qeyd edib ki, beynəlxalq hüquq real dəyişiklik gətirən vasitə olmalıdır.
“Söhbət yalnız torpaq itirmək deyil. Bununla mədəni, etnik kimliklərdə yox edilməyə çalışılır. Hər bir şəxs öz ölkəsini tərk edib yenidən qayıtmaq hüququna malikdir.
Bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır. Həqiqət komissiyasının yaradılması isə insanların kollektiv yaddaşının saxlanılması üçün mühim rol oynaya bilər. Beynəlxalq təşkilatlar bu prosessi qərəzsiz təşkil edə bilərlər”,- deyə o bildirib.
Qeyd edək ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.
Xatırladaq ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.